Astrofizika kafedrasında növbəti elmi seminar keçirilib
24.04.25-ci il tarixində Fizika fakültəsinin Astrofizika kafedrasının növbəti seminarı keçirilib. Seminarda Astrofizika kafedrasının II kurs magistrantı Hüseynova Arzu Polad qızı “Alqol tipli qoşa ulduzların spektrində hodrogen xətlərinin tədqiqi”mövzusunda məruzə ilə çıxış edib.
Mövzu üzrə məlumat verən məruzəçi bildirib ki, qoşa sistem təşkil edən ulduzların çox mühüm xarakteristikalarını bu ulduzların hərəkəti və qoşa sistemin komponentlərinin qarşılıqlı təsirinə görə təyin etmək olur: kütlə, radius, temperatur, işıqlıq və s. Sıx qoşa ulduz sistemləri ümumi nisbilik nəzəriyyəsinin relyativist effektləri daxil, kosmoloji nəzəriyyələri test etmək üçün unikal fiziki laboratoriyadır. Alqol tipli sıx qoşa sistemlərdə maddə mübadiləsi və kütlə itkisinin diaqnostikasında hidrogenin Balmer seriyasının xətlərinin tədqiqi mühüm elmi əhəmiyyət kəsb edir.
Məruzəçi Şamaxı Astrofizika Rəsədxanasının 2 m-lik teleskopunda Kasseqren fokusunda quraşdırılmış ShAFES eşele spektroqrafında Alqol tipli AI Dra ulduzunun, Avropa Cənub Rəsədxanasının Beynəlxalq spektral müşahidə məlumatları bazasından (ESO Science Archive Facility https://archive.eso.org/scienceportal/home) götürülmüş Alqol tipli lTau ulduzunun spektrlərinin işlənməsinin nəticələrini təqdim edib. əticələrə əsasən AI Dra ulduzunun spektrində Balmer seriyasının hidrogen xətlərinin (Hα - Hδ) profilləri qurulub, heliosentrik radial sürətləri ölçülüb. Xətlərin profillərinin formasının və ölçülmüş şüa sürətlərinin sistemin orbital hərəkətindən asılı olaraq dəyişmələri ətraflı şərh olunub. İkinci tədqiqat ulduzu Alqol tipli l Tauri ulduzunun 2010-13-cü illərdə alınmış 15 spektrinə görə hidrogenin H alfa xəttinin şüa sürətləri ölçülüb, profilləri qurulub. Alınmış iki dəst şüa sürətlərinə görə Algol tipli lTau ulduzunun əsas və ikinci komponentinin şüa sürəti əyriləri qurulub. Orbital fazanın 0.0- 0.5 qiymətlərində əsas komponentin şüa sürətlərinin işarəsi mənfi, fazanın 0.5- 0.9 qiymətlərində isə müsbət alınıb. Qoşa sistemin komponentlərinin orbitdə hərəkət sürətlərinin maksimal və minimal qiymətləri uyğun olaraq, əsas komponentdə: ur (max) » 87 km/s; ur (min) » -40 km/s, ikinci komponentdə isə: ur (max) » 202 km/s; ur (min) » - 115 km/s kimi təyin olunub.
Seminarın sonunda məruzəçi sualları cavablandırıb, mövzu üzrə müzakirələr aparılıb.