Astrofizika kafedrasının elmi seminarı keçirilib
01 aprel 2024-cü il tarixində Fizika fakültəsi Astrofizika kafedrasının elmi seminarında kafedranın II kurs magistrantlarının dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib. Magistrantlar Əsgərova Bənövşə Elxan qızı “Nəhəng planetlərin daxili enerjisinin atmosferlərinin təkamülünə təsiri”, Aytac Cəfərzadə "Kosmoloji sabit və Eynşteyn qravitasiya tənliklərinin Şvarsşild həllinin xüsusiyyətləri" mövzularında məruzə ilə çıxış ediblər.
Bənövşə Əsgərova bildirib ki, Günəş sistemi planetlərinin hamısı müəyyən qədər daxili enerjiyə malikdir. Nəhəng planetlərdə bu enerjinin miqdarı daha çoxdur. Daxili enerjinin dəqiq miqdarı və mənbəyi hələ dəqiq təyin olunmamışdır. Aparılan müşahidələr müxtəlif nəticələr verir. Nəhəng planetlərin daxili enerjisini müxtəlif amillər təyin edir. Biz ilkin olaraq Planetlərin həndəsi albedolarının dalğa uzunluğundan asıllıq qrafiklərini quraraq uranla müqayisədə enerjidə artıqlığı göstərmişik. Daha sonra enerji balansı tənliyindən planetlərin daxili enrjisini qiymətləndirdikdən sonra onun qravitasiya sıxılması ilə daxili enerjilərini qiymətləndirib müqayisə etmişik. Planetin daxili enerjisi onun strukturunda və davranışında, ümumiyyətlə, geologiyasında, iqlimində, mühitin digər aspektlərində mühüm rol oynayır. Daxili enerji nəhəng planetlərin atmosferində baş verən hadisələrə birbaşa təsir edir. Bu təsir, atmosfer törəmələrinin yaranması ilə daxili enerjinin artması müasir kosmik teleskoplarla qeydə alınmışdır. Daxili enerjinin mənbəyinin və miqdarının bütün planetlər üçün dəqiq təyin olunması planet atmosferlərinin dəqiq modelinin qurulmasında əhəmiyyətlidir.
Aytac Əsgərzadə bildirib ki, Eynşteynin qravitasiya tənliklərinin Şvarsşild həllində kosmoloji sabitin sıfırdan fərqli qiymətlərində Kainatın hadisələri üfüqünün mövcudluğu nəzəri olaraq yoxlanıla bilər. Kardano metodundan istifadə edərək Şvarsşild metrikasında sinqulyarlığı göstərən ifadə kubik bir dəyişənli tənlik şəklində həll edilmişdir. Tənliyin kökləri tapılmış və bu köklərin həqiqiliyi yoxlanılmışdır. Məlum olmuşdur ki, kosmoloji sabitin yalnız mənfi qiymətlərində tənliyin köklərinin həqiqiliyi mümkündür. Kainatın hadisələr üfüqünün mənfi kosmoloji sabit hallarında mövcud olması nəzəri olaraq göstərilmişdir. Kosmoloji sabitin hər üç halı üçün (sıfır, mənfi və müsbət halları) Şvarsşild həllinin xüsusiyyətlərinin fərqli olduğu, bu asılılığın kəsilməz olmadığı, riyazi bir kəsilənliyin mövcudluğu müəyyən edilmişdir.
Seminarın sonunda müzakirələr aparılıb və suallar cavablandırılıb.