Astrofizika kafedrasının elmi seminarı keçirilib
10 aprel 2025-ci il tarixində Fizika fakültəsi Astrofizika kafedrasının elmi seminarı keçirilib. Seminarda kafedranın II kurs magistrantı Simrida Yusifova “α Cygni ulduzunun spektral tədqiqi” mövzusunda məruzə edib. O, tipi A2 Ia olan α Cygni ulduzu və onun spektral tədqiqi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, 28.09.2009-11.10.2009 tarixlərində SOPHIE spektroqrafında 75000 ayırdetmə ilə 14 gecə və Şamaxı astrofizika rəsədxanasının 2 metrlik teleskopunda ShAFES eşelle spektroqrafında 01.11.2016-30.11.2016 tarixlərində 30 gecə ərzində 56000 ayırdetmə ilə alınmış eşelle spektrlər DECH30 proqramı vasitəsilə emal edilərək Balmer seriyasının 𝐻𝛼, 𝐻𝛽 və ulduzlararası mühitə aid olan NaI D1D2 rezonans xətlərin profilləri qurulmuş spektrofotometrik parametrləri – ekvivalent enləri və şüa sürətləri təyin edilib. Hα (6562.8 Å) və Hβ (4861.3 Å) xətlərinin profilləri təhlil olunub. Hα xətti üç absorbsiya komponentli P Cygni tipli profil göstərir. Absorbsiya və emissiya xətlərinin şüa sürətləri əks fazalarda dəyişir. Onların zamanla dəyişməsi və strukturunda müşahidə olunan assimetriyalar ulduz atmosferində baş verən qeyri-stasionar proseslərlə əlaqələndirilib. Eyni zamanda Na I 5889.95 Å və 5895.92 Å dalğa uzunluqlarında olan dublet xətləri də təhlil edilmişdir,profillər beşkomponentli udulmadan ibarətdir. . Bu xətlər həm ulduz atmosferi, həm də ulduzlararası mühitin xüsusiyyətlərini öyrənmək baxımından mühüm informasiya daşıyıcısıdır. α Cygni ulduzunun spektrində 3800Å-7000Å dalğa uzunluğu dipazonunda Mur cədvəlindən və NİST atom spektrlərinin verilənlər bazasından istifadə edərək spektral xəttin eyniləşdirilməsi, ulduzun spektrində müşahidə olunan 200-dən artıq xəttin identifikasiyası aparılmışdır.