Astrofizika kafedrasının elmi seminarı keçirilib
Fizika fakültəsinin Astrofizika kafedrasının növbəti elmi seminarında kafedranın dissertantı Sevinc Rəcəbova “HD 187982 (A2 Ia) ulduzunun fundamental parametrlərinin təyini” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi HD 187982 (A2 Ia) ifratnəhəng ulduzunun atmosferinin tədqiqi üzrə nəticələri təqdim edib. Q fotometrik kəmiyyətlərinin və hidrogenin Balmer seriyasının xətlərinin ekvivalent enlərinin müşahidə və nəzəri hesablanmış qiymətlərinin müqayisəsi əsasında ulduzun effektiv temperaturu və səthində ağırlıq qüvvəsinin təcili təyin edilib: Тeff=9500±200 К, logg=1.5±0.1. Ulduzun atmosferində mikroturbulent hərəkət sürəti FeII spektral xətləri əsasında təyin olunub: ξt=5.8±1.0 кm/s. Bu zaman ekvivalent enləri W<255mÅ olan spektral xətlərdən istifadə edilib. Bu xətlər atmosferin dərin qatlarıda yaranır, bu qatları müstəvi parallel və LTT halında hesab etmək olar. Kuruçun ATLAS 9 proqramını tətbiq edərək təyin olunan Тeff və logg bazis parametrli model hesablanıb. Bu modeli tətbiq edərək mikroturbulent sürətin bir neçə müxtəlif qiymətlərində FeII spektral xətlərinin ekvivalent enləri hesablanıb, müşahidədən ölçülmüş ekvivalent enlər ilə müqayisə edilərək dəmir elementinin miqdarı təyin edilib: logε(Fe)=7.37 0.09. Aşkar edilib ki, HD 187982 ulduzunun atmosferində dəmir elementinin miqdarı Günəşdə olan miqdara yaxındır. Bu isə onu göstərir ki, HD 187982 (A2Ia) ulduzu və Günəş eyni metallıqlı maddədən yaranmışlar.