Azərbaycan İstiqlal Muzeyinə maarifləndirici ekskursiya təşkil olunub

Bakı Dövlət Universitetinin (BDU) Fizika və Geologiya fakültələri “BDU könüllüləri” təşkilatının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində və həmçinin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar olaraq Azərbaycan İstiqlal Muzeyinə maarifləndirici ekskursiya təşkil olunub.
Tədbirin əsas məqsədi gənclərin Azərbaycan Respublikasının konstitusion quruluşu, dövlət suverenliyi, müstəqillik tarixinin əsas mərhələləri, milli həmrəylik və vətənpərvərlik dəyərləri haqqında biliklərinin artırılması, onların ictimai-siyasi dünyagörüşünün genişləndirilməsi və vətənpərvərliyin təbliği olub.
Ekskursiya zamanı iştirakçılara Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti, sovet dövrü, müstəqilliyin bərpası və müasir Azərbaycan dövlətinin inkişaf yolu barədə ətraflı məlumat verilib. Muzeydə nümayiş etdirilən tarixi sənədlər, nadir eksponatlar, fotoşəkillər və əyani materiallar tələbələrin böyük marağına səbəb olub, onların tarixə daha dərindən bələd olmalarına imkan yaradıb.
Ekskursiya zamanı həmçinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar gənclərə milli həmrəylik, dövlətçilik və vətənpərvərlik mövzusunda əlavə məlumatlar təqdim olunub, Azərbaycanın hər yerində yaşayan soydaşlarımızın birlik və həmrəylik ruhunun əhəmiyyəti vurğulanıb. Tələbələr bu tarixi vətənpərvərlik dərslərinin onların gələcək həyat və peşə fəaliyyətinə təsirli olacağını qeyd ediblər.
Belə tədbirlər gənclərin milli şüurunun, vətənpərvərlik hisslərinin və ictimai fəallığının artırılmasına xidmət etməklə, onların dövlətçilik prinsiplərinə sadiq və maarifli vətəndaş kimi formalaşmasına töhfə verir.