BDU-da elmi seminar: “Kristallar, kvazikristallar və fonsuz naxışlar”

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində elmi seminar keçirilib.
Seminarda Azərbaycan Dövlət Mükafatı laureatı, fizika elmləri doktoru, professor İmaməddin Əmiraslanov “Kristallar, kvazikristallar və fonsuz naxışlar” mövzusunda məruzə ilə çıxış edib.
Professor İmaməddin Əmiraslanov “Tessellation” üslubunda qrafika sənəti, eləcə də xalq tətbiqi sənətinin simmetriya qanunları əsasında elmi təhlili ilə məşğul olur. Onun bu sahədə apardığı tədqiqatlar beynəlxalq səviyyədə tanınan iki kitab və çoxsaylı elmi məqalələrində öz əksini tapıb.
Məruzədə Azərbaycan və qonşu ölkələrin tətbiqi xalq sənətlərinin əsas istiqamətlərindən biri olan həndəsi ornamentlərin təsnifatı, onların kristal quruluşlarının proyeksiyaları ilə oxşarlıqları, tarixi kökləri və coğrafi yayılma məkanları haqqında ətraflı məlumat verilib. Eyni zamanda, bu ornamentlərin müasir dövrdə istifadəsi, fonsuzluq prinsipi və tessellation sənətinin xüsusiyyətləri barədə fikirlər səsləndirilib, tarixi nümunələr əsasında din və sənət arasındakı qarşılıqlı əlaqə müzakirə olunub.
Tədbirdə müəllifin hazırladığı tessellation nümunələri nümayiş etdirilib. Sonda məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.