BDU-da elmi seminar: “Qeyri-maqnit yarımkeçiricilərdə elektron spini”
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində növbəti elmi seminar keçirilib. Seminarda Bərk cisimlər fizikası kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Taryel İsmayılov “Qeyri-maqnit yarımkeçiricilərdə elektron spini” mövzusunda məruzə edib.
Taryel İsmayılov qeyd edib ki, müasir dövrdə elmin əsas istiqamətlərindən biri olan spintronika və ya spin elektronikası, bərk cisim sistemlərində spin sərbəstlik dərəcələrinin məqsədyönlü nəzarətinin və idarə olunmasının tədqiqini özündə ehtiva edir. Bunun bir qolu da yarımkeçirici əsaslı spintronikadır. Məruzədə qeyri-maqnit yarımkeçiricilərdə spini ilə bağlı hadisələrin araşdırılmasının nəticələri də təqdim olunub. Bunlara spintronika və kvant informasiyası ilə bağlı effektlərin daxil olduğu və spin effektləri əsasında yaradılacaq cihaz və qurğuların daha sürətli, etibarlı və cüzi enerji sərfiyyatlı olacağı qeyd edilib.
Seminarın sonunda məruzə ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.