BDU-da Fizika fənni üzrə III Respublika olimpiadası keçirilib
22 may 2025-ci il tarixində Bakı Dövlət Universitetində (BDU) ali məktəb tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Fizika fənni üzrə III Respublika Olimpiadası keçirilib. Elm və Təhsil Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin və Təhsil İnstitutunun birgə təşkilatçılığı keçirilən Olimpiadada BDU ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi və Fövqəladə Hallar Nazirliyinin Akademiyasından ümumilikdə 75 tələbə iştirak edib.
Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev iştirakçıları salamlayaraq, belə olimpiadaların keçirilməsinin əhəmiyyətindən danışıb, bu tədbirlərin məqsədinin Azərbaycan Respublikasında fizika üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasının keyfiyyətini daha da yüksəltmək, istedadlı tələbələri aşkar etmək və dəstəkləmək, universitetlərarası elmi əlaqələri gücləndirmək, tələbələri elmi-tədqiqat fəaliyyətinə cəlb etmək, habelə tələbələr arasında elmi bilikləri təbliğ etmək olduğunu diqqətə çatdırıb. Azərbaycan Dövlət Neft və Sənaye universitetinin Fizika kafedrasının müdiri Müsavər Musayev, BDU Fizika fakültəsi Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin dekanı Arzu Daşdəmirov iştirakçılara olimpiada haqqında məlumat verərək, onlara uğurlar arzulayıblar
Sonra imtahan sualları iştirakçılara paylanıb. İştirakçılara verilən suallar peşəkar müəllimlər tərəfindən hazırlanıb və çətinlik səviyyəsinə görə olimpiadaların tələblərinə uyğun olub. Sualları cavablandırmaq üçün iştirakçılara 3 saat vaxt verilib. Proses başa çatdıqdan sonra cavablar müxtəlif ali təhsil müəssisələrinin nümayəndələrindən ibarət Münsiflər Heyətinə təqdim edilib. Olimpiadanın qalibləri və mükafatçıları mayın 23-də elan olunacaq.