BDU-da “Fizikada müasir trendlər" mövzusunda 8-ci Beynəlxalq elmi konfrans keçirilir
Bakı Dövlət Universitetinin (BDU) ev sahibliyi və təşkilatçılığı, İtaliyanın Milli Nüvə İnstitutu, ABŞ-ın Delavare Universiteti, Pakistanın Lahore Universiteti və COMSATS İslamabad Universiteti, Türkiyənin Ankara Universiteti, Orta Doğu Texniki Universiteti, Qazi Universiteti və Sivas Cümhuriyyət Universitetinin həmtəşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Fizikada müasir trendlər" (“Modern trends in physics”) mövzusunda 8-ci Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan haqqında videoçarx nümayiş olunub.
Açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, konfrans Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, Azərbaycanda elmin böyük hamisi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd edildiyi “Heydər Əliyev İli”nə təsadüf edir. Konfransın suverenliyimizin tam bərpa olunduğu ildə keçirilməsi onu daha da yaddaqalan edir. Rektor qeyd edib ki, 2009-cu ildən başlayaraq 2 ildən bir keçirilən konfransın materiallar toplusu 2017-ci ildən “Web of Science” bazasında indekslənir. Builki konfransda Azərbaycan, Türkiyə, İsrail, Pakistan, İtaliya, Almaniya, Çin, Makedoniya, Misir, Səudiyyə Ərəbistanı, Mərakeş, Argentina, Rumıniya, Kanada, Macarıstan, Albaniya, Portuqaliya, Sudan, İspaniya, ABŞ, Rusiya, Belçika, Özbəkistan, Ukrayna və Gürcüstan da daxil olmaqla 25 ölkə təmsil olunur. Təşkilat komitəsinin hesabatına əsasən, konfransın proqramına 149 məruzə daxil edilib: “Konfransın əvvəlki illərdə olduğu kimi, gənc tədqiqatçı və alimlər üçün yeni platformalar formalaşdıracağına, mühüm elmi prioritetlər müəyyən edəcəyinə inanırıq. Bugünkü konfransda fizikanın ən aktual problemlərinə toxunulacaq, yeni innovativ yönümlü, istehsalatla bağlı yeni mövzular müzakirə ediləcək, konvergens düşüncəli gənclər - tələbə, magistr və doktorantların məruzələri dinləniləcəkdir. Azərbaycanda elmin prioritet inkişaf istiqamətləri müəyyənləşdirilərkən maddi-mənəvi dəyərlərin qorunması ilə yanaşı, beynəlxalq arenaya sürətli inteqrasiya da xüsusi diqqətdə saxlanılır. Digər tərəfdən, həmişə olduğu kimi, aparılan tədqiqatların səmərəliliyinin artırılmasına, onların nəticələrinin sosial-iqtisadi və sənaye-istehsalat sahələrində tətbiqinin təmin edilməsinə, tədris prosesinə bağlılığına xüsusi önəm verilir.
Bu istiqamətdə ali təhsil müəssisələrinin üzərinə də mühüm vəzifələr düşür. Bakı Dövlət Universiteti də digər ali təhsil müəssisələri kimi, Azərbaycanda elmi-texniki potensialın formalaşması, qorunması, bu potensialdan səmərəli istifadə edilməsində yaxından və uğurla iştirak edir, bu istiqamətdə aparıcı qüvvələrdən birinə çevrilib.
Təbii ki, Universitetdə təşkil edilən elmi fəaliyyətin digər elmi müəssisələrdə və ali məktəblərdə aparılan elmi-tədqiqat fəaliyyəti ilə əlaqələndirilməsinə də xüsusi diqqət edilir.
Böyük qürur hissi ilə bildiririk ki, cənab Prezident İlham Əliyevin sərəncamı ilə Xankəndi şəhərində yaradılan, heç şübhəsiz ki, elm-təhsil mərkəzlərindən birinə çevriləcək Qarabağ Universiteti bu baxımdan xüsusi yerə malik olacaq.
BDU-da kompleks məqsədli proqramların işlənilməsi, Universitetin beynəlxalq elmi layihə və proqramları həyata keçirən güclü mərkəzə çevrilməsi məqsədilə bir sıra mühüm addımlar atılır. Elmi mübadilə çərçivəsində dünyanın nüfuzlu ali məktəblərindən, elm mərkəzlərindən olan xarici alimlərin birgə tədqiqatlara cəlb olunması təcrübəsinin genişləndirilməsinə də önəm verilir.
Son illər müasir dövrün tələblərinə cavab verən yüksək ixtisaslı elmi kadrların hazırlanması sahəsində, xarici ölkələrdə təhsil almaq və təcrübə keçmək yolu ilə peşəkar tədqiqatçılardan ibarət gənc nəslin formalaşması işində müsbət dinamika müşahidə olunur”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Fizika İnstitutunun baş direktoru Arif Həşimov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Sakin Cabbarov, Bilkent Universitetinin professoru Əmirulla Məmmədov, İtaliyanın Milli Nüvə Fizikası İnstitutunun Frascati Milli Laboratoriyasının müdiri Stefano Bellucci, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru İradə Hüseynova, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Nüvə Problemləri Laboratoriyasının müdiri Yevgeni Yakuşev, Ankara Universitetinin professoru İman Əsgərzadə, Orta Doğu Texniki Universitetinin professoru Təhmasib Əliyev, Makedoniyanın Kiril Metodius İnstitutunun professoru Jadranka Blajevskaya, İnstinye Universitetinin Əczaçılıq fakültəsinin dekanı Atilla Akdeniz çıxışlarında fizikanın müxtəlif sahələrinin inkişafında müasir tendensiyaları qeyd edib, konfransın işinə uğurlar arzulayıblar.
Daha sonra Pakistanın Lahor Universitetinin rektoru Muhammad Aşraf, Türkiyənin Sivas Cümhuriyyət Universitetinin rektoru Alim Yıldız, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov, COMSATS Universitetinin rektoru Sacid Qamar, ABŞ-ın Delevar Universitetinin professoru İsmət Şah, Qazi Universitetinin professoru Süleyman Özçelik, Ankara Universitetinin prorektoru Mustafa Fener konfrans iştirakçılarına onlayn və video-təbriklər ünvanlayıblar. Video-təbriklərdə konfransın beynəlxalq və ölkə səviyyəsində fizikanın inkişafına töhfə verəcəyinə, yeni fizika məktəblərinin yaranacağına əminlik vurğulanıb.
5 bölmə ilə işini davam etdirən konfrans sabah yekunlaşacaq.