BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub
28 mart 2024-cü il tarixində Bakı Dövlət Universiteti Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin növbəti elmi semiarı keçirilib. Seminarda fakültənin III kurs tələbəsi Könül Əhmədova “Günəş aktivliyinin tədris göstəricilərinə təsiri” mövzusunda çıxış edib. Məruzəçi Günəş aktivliyi, maqnit qasırğaları, günəş küləyi kimi hadisələrə aydınlıq gətirib və bildirib ki, hazırda Günəşin aktivliyinin 11 illik tsikli dövrünün maksimum pilləsi müşahidə olunur. 2025-2026-ci illərdə bu aktivliyin daha da artacağı ilə əlaqədar olaraq Günəşdə alışmaların, ləkələrin sayının, tac kütlə atılmalarının artması müşahidə oluna bilər. Günəşdə baş vermis hadisələr Yerə təsirsiz ötüşmür: radiasiya artır, radiodalğaların yayılmasında maneələr yaranır, kosmik peyklərin işində, eləcə də insanların həyat və fəaliyyətində dəyişikliklər müşahidə olunur. Bu hadisələr bəzi xəstəliklərin artmasına, yol nəqliyyat hadisələrində qəzaların baş verməsinə gətirir, müxtəlif yaş sinfinə aid qruplarda davamiyyətə təsir edir.
Məruzəçi qeyd edib ki, tədqiqatlar çərçivəsində BDU-nun Fizika fakültəsinin və digər təhsil müəssisələrinin 150-ə yaxın tələbəsi arasında sorğu aparılıb, onların günəş, günəşin təsiri, günəş küləyinin Yerə təsiri, maqnit qasırğalar və onların insanlara təsiri haqqında bilgiləri öyrənilib. Sorğunun nəticəsi kimi günəş aktivliyinin insanlara təsirinin tədqiqi bir daha bu məsələni aktual edib. Bununla əlaqəli fakültədə bakalavr pilləsini əhatə edən bütün kurslar üzrə 120 qrupun tədris göstəriciləri, davamiyyəti, imtahanlarda müvəffəqiyyət və keyfiyyət göstəriciləri təhlil edilib, 2017-ci ildən etibarən toplanan materiallar verilənlər bazası kimi istifadə edilərək 2020-ci ilədək olan materiallar əsasında bu göstəricilər üçün reqresiya ifadələri alınıb. Alınan ifadələr sonrakı illər üçün yoxlanaraq davamiyyət, müvəffəiyyət və keyfiyyət göstəricilərinin real qiymətləıri, reqresiya ifadələrindən alınan qiymətlər günəş aktivliyini göstərən ləkələrin sayı, C, M və X sinif alışmaların sayından asılııq dioqramları ilə verilib. Alınan diaqramlardan və 2023-2024-cü tədris ilinin payız sessiya göstəricilərinə tətbiq olunaraq, göstəricilərn bu parametrlərdən asılılığı müəyyən edilib. Müəyyən olunub ki, günəşdə ləkələrin sayı artdıqca davamiyyət göstəricisi kimi qaiblərin sayı artır, imtahan sessiyasında nəticələr dəyişir. Ləkələrin sayı ilə keyfiyyət göstəriciləri demək olar ki, eyni dəyişmə sürətinə malik olur.
Tələbələrin tədris göstəricilərinə təsir edən almillər çoxdur: sosial vəziyət, mənimsəmə faizi, fiziki parametrləri, olduğu məişət şəraiti, təhsil almasını dəstəkləyən mühitin olması və s. Bundan əlavə müxtəlif xəstəliklər və ətrafda baş verən hadisələr və hadisələrə münasibət də rol oynayır. Lakin bütün bunların özü də bir qisim günəş aktivliyindən asılıdır. Avtobus sürücüsünün fiziki durumu, həssas və diqqətli olması, piyadaların hadisələrə verməsi, məsələlərin müzakirəsi, aqressivlik elementləri və s. də günəş aktivliyinin təsirinin təzahürüdür. Sonda mövzu rəhbəri dos.Mirnamik Bəşirov hazırda qoyulmuş məsələnin aktuallığını bir daha qeyd etdi və Günəşlə bağlı daha geniş məlumat verərək mövzunun işlənməsində Könül.Əhmədovanın elmi fəaliyyətə olan marağını, təşəbbüskarlığını və işgüzarlığını vurğuladı.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.