BDU-da "Hər şey yaşıl dünya naminə" adlı tədbir keçirilib
05 noyabr 2024-cü il tarixində Bakı Dövlət Universiteti könüllülərinin Kimya və Fizika fakültəsi üzrə nümayəndələrinin birgə təşkilatçılağı ilə COP-29-la bağlı tədbirlər çərçivəsində "Hər şey yaşıl dünya naminə" adlı tədbir keçirilib. Tədbirin əsas məqsədi COP29 tədbirinin önəmini, Azərbaycanın beynəlxalq iqlim tədbiri olan COP29-a ev sahibliyi edəcək olmasını və ölkənin bu sahədə gördüyü işlərin qlobal səviyyədə tanınmasını gənclərin nəzərinə çatdırmaq və onları bu mövzularda maarifləndirmək olub. Tədbirdə əvvəlcə Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev çıxış edib. O, COP29-un məqsədi, ekoloji problemlərlə mübarizədə görülən tədbirlər və bu tədbirlərin önəmi haqqında danışıb. Daha sonra Kimya fakültəsinin sosial işlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov iqlim dəyişiklikləri və bu tədbir çərçivəsində öhdəliklərin yerinə yetirilməsi barəsində fikirlərini auditoriya ilə bölüşüb. BDU Könüllülərinin Kimya fakültəsi üzrə sədri Röyal Yusifli və Fizika fakültəsi üzrə sədri Aydan Rüstəmli çıxışları ilə tədbirin rəsmi hissəsini sonlandırıblar.
İnteraktiv tədbirin təşkil edilməsi və komanda ilə işləmə bacarığını formalaşdırmaq məqsədi ilə tələbələr komandalara ayrılıb. Komanda üzvləri müxtəlif ölkələr və onların ekoloji problemlərlə mübarizəsində görülə biləcək tədbirləri ilə bağlı layihələrini təqdim ediblər. Layihələrin təqdimatından sonra ən yaxşı layihənin müəllifi olan komandalar mükafatlandırılıblar.