BDU-da “İlin gənc alimi” müsabiqəsinin qalibləri Fizika fakültəsinin yetirmələridir
Fizika fakültəsinin Elmi Şurasının 4 fevral tarixində keçirilmiş iclasında fakültə dekanı Bəxtiyar Paşayev Fizika fakültəsi üçün qürurverici bir məlumatı iclas iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, 2 fevral Azərbaycan Gəncləri Gününə həsr edilmiş Bakı Dövlət Universitetində (BDU) keçirilən “İlin Gənc Alimi” müsabiqəsinin qalibləri sırasında Fizika fakültəsinin yetirmələri də yer alıblar. Belə ki, Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının baş müəllimi Lalə Qəhrəmanlı “İlin Gənc Alimi” seçilib, həmin kafedranın doktorantı Məhəmməd Bağır Bağırzadə “təşəkkürnamə” və pul mükafatına layiq görülüb.
2024-cü il ərzində Lalə Qəhrəmanlı 5 Q1 kateqoriyalı, 6 Q2 kateqoriyalı, 4 Q3 kateqoriyalı, eləcə də digər beynəlxalq jurnallarda 2 məqalə olmaqla ümumilikdə 17 məqalə dərc etdirib. O, bir çox beynəlxalq konfrans və seminarlarda iştirakçı olub, məruzələrlə çıxış edib. Belə ki, 25 yanvar 2024-cü ildə İtaliyanın Milli Nüvə Tədqiqatları İnstitutunda “Qrafen nanokompozitlərinin modelləşdirilməsi: Struktur, Elektrik və Optik Xüsusiyyətlər”, 16-19 aprel 2024-cü il tarixlərində Türkiyənin Bahçeşehir Universitetində keçirilən NanoSpace 2-ci Birgə Elmi Görüşündə "Qamma radiasiyasının GO/PVA nanokompozitinin strukturuna, morfologiyasına və optik xassələrinə təsiri", 25-28 sentyabr 2024-cü ildə isə Şimali Makedoniyanın Ohrid şəhərində Makedoniya Kimyaçılar və Texnoloqlar Cəmiyyətinin 27-ci Konqresində “Sonokimyəvi və SILAR üsulları ilə əldə edilmiş CdxZn1-xS əsaslı nanokompozit materialların fiziki xassələri”, 11-14 iyun 2024-cü ildə Litvanın Vilnüs şəhərində keçirilən “İnnovativ və Qabaqcıl Epitaksiya üzrə Avropa Seminarı”nda isə “GO/PVA kompozit materiallarının fiziki xassələrinə qamma şüalanma və termik işləmənin təsiri” mövzularında çıxış edib.
Bundan əlavə, 01-04 oktyabr 2024-cü ildə Elm və Texnologiyada Avropa Əməkdaşlığının CA19118 istiqaməti üzrə “Qabaqcıl sensor tətbiqləri üçün ağıllı xüsusiyyətlərə malik yüksək performanslı karbon əsaslı kompozitlər” tədbirində iştirak edib. Ümumilikdə, onun müəllifi olduğu 14 konfrans materialı çap edilib. Lalə Qəhrəmanlı İtaliyanın Milli Nüvə Tədqiqatları İnstitutunda təşkil olunan “Nanoelm və Nanotexnologiya” konfransının təşkilat komitəsinin üzvü olub.
Lalə Qəhrəmanlı 4 yerli və beynəlxalq layihənin həm müəllifi, həm də iştirakçısı olub. Eyni zamanda, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlanmalarının Ekspertizası Mərkəzinə “Çirkab suların təmizlənməsi üçün hibrid Ag-Ag2S-CdS nanokatalizatoru” adlı patenti təqdim edərək müəlliflik hüququ əldə edib.
Lalə Qəhrəmanlı həm də Fizika fakültəsində səmərəli pedaqoji fəaliyyət göstərir. O, “Tətbiqi Fizika”, “Nanoelektron və nanomexaniki sensorlar”, “Müasir fizikada təcrübi tədqiqat üsulları” və “Nanohissəciklər Fizikası” kimi fənləri də tədris edib.
Məhəmməd Bağır Bağırov Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının II kurs doktorantıdır. 2024-cü ildə onun həmmüəllifi olduğu 7 məqalə yüksək impakt faktorlu beynəlxalq jurnallarda nəşr olunub. Eyni zamanda, həmin il ərzində o, 9 yerli və beynəlxalq konfransda tezislərlə çıxış edib, həmçinin 2 yerli və 3 beynəlxalq qrantın qalibi olub. Tədqiqatlarının bir hissəsini Türkiyənin Gazi Universiteti və Sloveniyanın Metallar və Texnologiya Universitetində həyata keçirib. Bundan əlavə, həmin universitetlərlə BDU arasında akademik əməkdaşlığın qurulmasında fəal iştirak edib.
Fizika fakültəsi olaraq gənc alimlərimizi qazandıqları böyük uğur münasibəti ilə təbrik edirik və elm aləmində daha böyük zirvələri fəth edəcəklərinə ümid edirik.