BDU-da karbon nanodoldurucuların elektromaqnit udma və zəiflətmə göstəricilərinə təsiri öyrənilir

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində karbon tərkibli nanodoldurucuların elektromaqnit udma və zəiflətmə göstəricilərinə təsiri öyrənilir.
Fakültədə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində “Polimer–maqnit nanohissəcikləri–karbon nanoborularından ibarət sistemlərdə QHs tezlik diapazonunda elektromaqnit ekranlama və udulma prosesləri” mövzusunda elmi seminar keçirilib. Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi Həbibə Şirinova mövzu üzrə məruzə edib. Məruzədə yüksək tezliklər diapazonunda elektromaqnit şüalanmanın təsir mexanizmləri, bu şüalanmanın materiallarla qarşılıqlı təsiri və müasir nanokompozit sistemlərin elektromaqnit ekranlama qabiliyyəti ətraflı şəkildə təqdim olunub. Xüsusilə polimer matris əsasında maqnetit (Fe₃O₄) və karbon tərkibli nanodoldurucuların birgə tətbiqinin kompozit materialların elektromaqnit udma və zəiflətmə göstəricilərinə təsiri elmi əsaslarla izah edilib.
Təqdimatda nanohissəciklərin paylanmasının, fazalararası qarşılıqlı təsirin, həmçinin dielektrik və maqnit itkilərinin elektromaqnit udulma mexanizmlərində rolu xüsusi vurğulanıb. Bildirilib ki, QHz tezlik diapazonunda fəaliyyət göstərən rabitə sistemlərinin, radar qurğularının və simsiz texnologiyaların sürətli inkişafı elektromaqnit müdafiə materiallarına olan tələbatı əhəmiyyətli dərəcədə artırır.
Qeyd olunub ki, hazırlanmış nanokompozit sistemlər yüksək ekranlama effektivliyi ilə yanaşı, aşağı çəki, elastiklik və texnoloji uyğunluq baxımından perspektivli materiallar hesab olunur. Aparılmış eksperimental tədqiqatların nəticələri komponentlərin optimal nisbətinin və struktur xüsusiyyətlərinin elektromaqnit dalğalarının həm əks olunması, həm də udulması proseslərini effektiv şəkildə tənzimləməyə imkan verdiyini göstərib.
Seminar iştirakçıları mövzuya böyük maraq göstərib, müzakirələr zamanı müdafiə sənayesi, telekommunikasiya, aviasiya və elektron avadanlıqların elektromaqnit uyğunluğu sahələrində tətbiq perspektivləri ilə bağlı suallar səsləndirilib.
Sonda məruzəçi aparılan tədqiqatların gələcək istiqamətləri, o cümlədən daha geniş tezlik diapazonunda ölçmələrin aparılması və yeni nəsil çoxfunksiyalı nanokompozit materialların hazırlanması planları barədə məlumat verib.