BDU-da “Landau dərnəyi”nin elmi seminarı keçirilib

Bakı Dövlət Universitetinin Fizika fakültəsi və SABAH qruplarının birgə təşkilatçılığı ilə “Landau dərnəyi” çərçivəsində növbəti elmi seminar təşkil olunub. Seminarda Fizika fakültəsinin Fiziki elektronika kafedrasının baş müəllimi Şirxan Hümbətov “Maddələr ‘düşünə’ bilərmi? Stimula həssas sistemlərin fizikası” mövzusunda çıxış edib.
Şirxan Hümbətov müasir fizikanın aktual istiqamətlərindən biri olan stimula həssas sistemlər kontekstində maye kristalların fundamental və tətbiqi əhəmiyyəti barədə geniş məlumat təqdim edib. O, xüsusilə vurğulayıb ki, maye kristalların əsas üstünlüyü onların elektrik, maqnit, elektromaqnit və mexaniki təsirlər kimi xarici sahələrə yüksək həssaslıq göstərməsi ilə bağlıdır. Bu xüsusiyyətlər onların funksional materiallar kimi geniş tətbiq imkanlarını müəyyən edir və müxtəlif texnoloji sahələrdə innovativ həllərin əsasını təşkil edir.
Ş.Hümbətov həmçinin özünün elmi-tədqiqat fəaliyyətinin istiqamətləri və əldə etdiyi nəticələr barədəd də tələbələrə məlumat verib. Displey texnologiyaları, “smart window” (ağıllı pəncərə) sistemləri və orqanik günəş elementlərinin hazırlanması (KOBİA-nın maliyə dəstəyi) sahəsində aparılan tədqiqatlar xüsusi diqqət mərkəzində olub. Eyni zamanda, videoçarx vasitəsilə maye Kristal-BaTiO₃ nanohissəcikli hibrid sistemlərin elektrooptik xassələrinin eksperimental tədqiqi nümayiş etdirilib və bu sistemlərin perspektiv tətbiqləri izah olunub.
Seminar interaktiv müzakirə şəraitində davam etdirilib, iştirakçı tələbələrin çoxsaylı sualları ətraflı cavablandırılıb. Sonda Ş.Hümbətov maye kristallar sahəsində gələcək tədqiqat istiqamətləri, yeni material sistemlərinin yaradılması və bu sahənin inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
Tədbir tələbələrin elmi dünyagörüşünün genişləndirilməsi, onların müasir fizikanın qabaqcıl istiqamətlərinə marağının artırılması baxımından əhəmiyyətli olub.