BDU-da professor Qafar Əfəndiyevin 100 illiyi qeyd olunub
22 may 2024-cü tarixində Bakı Dövlət Universitetinin 105 illiyi ilə bağlı tədbirlər çərçivəsində Fizika fakültəsinin təşkilatçılığı ilə Azərbaycanda fiziki elektronika məktəbinin əsasını qoymuş, BDU-da “Fiziki elektronika” kafedrasını yaradıb uzun müddət rəhbərlik etmiş, Azərbaycan elminə böyük töhvələr vermiş görkəmli alim, unudulmaz müəllim, gözəl insan professor Qafar Əfəndiyevin 100 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə Universitet rəhbərliyi, Qafar Əfəndiyevin həmkarları və yetirmələri, ailə üzvləri, fakültənin müəllim və tələbələri iştirak ediblər. Tədbiri açan fakültə dekanı Bəxtiyar Paşayev Qafar Əfəndiyev işığına toplaşmış tədbir iştirakçılarını salamlayıb. Tədbirin aparıcısı fakültənin III kurs tələbəsi Aytac Rəsulova Qafar Əfəndiyevin tərcümeyi-halı haqqında məlumat verib. Sonra Qafar Əfəndiyevin 70 və 90 illiyi ilə bağlı 1994 və 2014-cü illərdə BDU-da keçirilmiş yubiley tədbirlərindən hazırlanmış videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən rektor Elçin Babayev belə tədbirlərin önəminə diqqət çəkərək, Universitetin tarixinə çevrilmiş şəxsləri xatırlamağın və gənc nəslə tanıtmağın vacibliyini qeyd edib. Rektor, həmçinin, Qafar Əfəndiyev kimi şəxsiyyətlərin adının əbədiləşdirilməsi üçün addımlar atılmalı olduğunu bildirib. O, Qafar Əfəndiyevlə bağlı tələbəlik illərinə aid xatirələrini bölüşüb, onu necə tələbkar, eyni zamanda qayğıkeş müəllim kimi xatırladığını diqqətə çatdırıb. “Fiziki elektronika” kafedrasının müdiri Əhməd Abdinov Qafar Əfəndiyevin elmi-pedaqoji fəaliyyəti barədə məruzə ilə çıxış edib. O, keçən əsrin 50-ci illərindən başlayaraq akademik Həsən Abdullayevlə birgə Qafar Əfəndiyevin təşəbbüsü ilə Azərbaycanda yarıçkeçiricilər fizikası istiqamətində tədqiqatlara başlanıldığını, bunun nəticəsi kimi keçmiş SSRİ-də ikinci “Yarımkeçiricilər fizikası” laboratoriyasının BDU-da təşkil olunduğunu, sonralar Qafar Əfəndiyevin dəstəyi və təşəbbüsü ilə BDU-nun Fizika fakültəsinin sonuncu kurs tələbələrinin keçmiş SSRİ-nin bir çox aparıcı elm və təhsil mərkəzlərində diplom işi yerinə yetirmək üçün, eləcə də məzunların həmin mərkəzlərdə aspiranturada təhsil almaq və tədqiqatlar aparmaq üçün göndərldiklərini qeyd edib. O, bildirib ki, məhz həmin elm və təhsil mərkəzlərində yetişmiş kadrlar sonradan BDU-da Fiziki elektronika üzrə elmi məktəbin formalaşmasında və “Fiziki elektronika” kafedrasının təşəkkül tapmasında yaxından iştirak ediblər. Əhməd Abdinov da Qafar Əfəndiyevlə bağlı xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Tədbirdə çıxış edən “Optika və molekulyar fizika” kafedrasının professoru Niftalı Qocayev, “Maddə quruluşu” kafedrasının müdiri Eldar Məsimov, “Yarımkeçiricilər fizikası” kafedrasının müdiri Vaqif Salmanov, Azərbaycan Dövlət Neft və Sənaye Akademiyasının Fizika kafedrasının müdiri Müsavər Musayev belə bir tədbirin keçirilməsinin təqdirəlayiq hal olduğunu qeyd edərək, Qafar Əfəndiyevin Azərbaycan elmi və təhsili qarşısında göstərdiyi xidmətlərdən danışıb, onunla bağlı xatirələrini söyləyiblər. “Nəzəri fizika” kafedrasının professoru Sərhəddin Abdullayev Qafar Əfəndiyevin ondan qəbul imtahanı götürdüyünü, sonralar aspiranturada təhsil aldığı və BDU-da fəaliyyət göstərdiyi müddətdə ona xüsusi qayğı ilə yanaşdığını, Qafar müəllimin yüksək insani keyfiyyətlərə malik olduğunu qeyd edib. Sonda Qafar Əfəndiyevin qızı, “Maddə quruluşu” kafedrasının professoru Sacidə Əbdülvahabova çıxış edərək Qafar müəllim haqqında xatirələrini danışıb, tədbirin təşkili və keçirilməsi üçün BDU-nun və fakültənin rəhbərliyinə yubilyarın ailə üzvləri adından təşəkkürlərini çatdırıb.