BDU-da Smart Agro Technology layihəsinin növbəti təlimi keçirilib
11 sentyabr 2024-cü il tarixində Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Smart Agro Technology” layihəsinin ikinci təlimi baş tutub. Layihə rəhbəri Sara Rəhimzadə iştirakçıları salamladıqdan sonra ikinci təlim mərhələsinin mövzuları və görüləcək işlər haqqında qısa məlumat verdi. Tədbirdə iştirak edən BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov çıxış edərək təbiət elmlərinin və onlara dərindən yiyələnməyin vacibliyini, texniki biliklərin tətbiqləri və gələcək perspektivlərini iştirakçıların diqqətinə çatdıraraq onları bele layihələrdə aktiv iştirak etməyə dəvət etdi. Fizika fakültəsinin dekan müavini Məhəmməd Məhərrəmov təqdim olunan layihədə ortaya qoyulan problemin aktuallığını qeyd edərək, Azərbaycan Respublikasının Milli təhlükəsizlik Konsepsiyasında milli təhlükəsizliyin təmin olunmalı olduğu sahələr sırasında ərzaq təhlükəsizliyinin də yer aldığını, bu məqsədlə kənd təsərrüfatının müasir texnologiyaların tətbiqi ilə inkişafının vacibliyini bildirdi. O, Azərbaycan kimi şirin su ehtiyatlarının məhdud olduğu ölklələrdə kənd təsərrüfatında qənaətcil suvarma texnologiyalarının tətbiqinin zəruri olduğunu, bu nöqteyi-nəzərdən Smart Aqro Texnology layihəsinin zamanın tələblərinə cavab verdiyini diqqətə çatdırdı və layihə iştirakçılarına uğurlar arzuladı.
Ağıllı suvarma sisteminin ilkin prototipi üçün sahə stansiyasının hazırlanması haqqında bəhs edən təlimin ikinci mərhələsi 2 saat ərzində layihənin təlimçisi Elşən Nəsirov tərəfindən həyata keçirildi. Təlimçi iştirakçılara hazırda mövcud olan ağıllı suvarma sistemlərinin çatışmazlıqları, bu problemlərin həlləri haqqında məlumat verdi. Sonra Elşən Nəsirov tərəfindən iştirakçıların bütün sualları cavablandırıldı və onlara praktiki tapşırıqlar verildi. Hər bir komanda onlara verilən tapşırıqları uğurla yerinə yetirdi.
Təlim bitdikdən sonra layihə rəhbəri iştirakçılara növbəti mərhələ və görüləcək işlər haqqında məlumat verdi. Beləliklə, Smart Agro Technology layihəsinin ilk təlim turu öz işini uğurla yekunlaşdırdı. Qeyd edək ki, növbəti təlim 12 sentyabr 2024-cü il tarixində Bakı Dövlət Universitetində keçiləcək.