BDU-DA TƏDBİR: “HEYDƏR ƏLİYEV ŞƏKİLLƏRDƏ”
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat, Fizika fakültələrinin və İstiqlal muzeyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev şəkillərdə” adlı tədbir keçirilib.
Əvvəlcə İstiqlal muzeyi tərəfindən sərgilənən Ulu Öndərin çoxşaxəli, zəngin fəaliyyətini, həyatının müxtəlif anlarını əks etdirən fotolara baxış keçirilib.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində mühüm rol oynamış görkəmli şəxsiyyət, onun həyat və fəaliyyətinin gənclərimiz üçün bir örnək olduğunu bildirib. Qeyd edib ki, bu gün müstəqil Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyevin ağır vəziyyətdən çıxardığı ölkəmiz Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada söz sahibi olan dövlətə çevrilib. Tam suveren, güclü iqtisadiyyatı ilə dünya dövlətləri içində öz sözünü deməyə qadir, qalib Azərbaycanın yüksəlişinin əsası Ulu Öndərin uzaqgörən siyasəti ilə qoyulub.
Millət Məclisin üzvü İltizam Yusifov isə diqqətə çatdırıb ki, Ulu Öndərin hakimiyyəti dövründə ölkəmiz iqtisadi, siyasi, sosial, mədəni sahələrdə böyük irəliləyişlərə nail olub, əhalinin sosial rifah halı yaxşılaşıb. Bu gün qazandığımız bütün nailiyyətlərin, uğurların əsası dünya şöhrətli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulub.
Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, BDU-nun Ali riyaziyyat kafedrasının müdiri Misir Mərdanov Ümummilli Liderin rəhbərliyi altında çalışdığı illərə aid xatirələrindən danışıb. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev keçmiş ittifaq dövründə və müstəqillik illərində elmin, təhsilin hamisi olub. O, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi üçün ciddi tədbirlər həyata keçirib, mühüm fərman və sərəncamlar imzalayıb.
Fizika və Mexanika-riyaziyyat fakültələrinin dekan müavinləri Məhəmməd Məhərrəmov, Etibar Əhmədov Ümummilli Liderin irsinin bütün əsrlər və nəsillər üçün örnəyə çevrildiyini və daim gənc nəsil üçün həyat məktəbi rolunu oynadığını bildiriblər.
Sonda tələbələrin hazırladıqları və Ulu Öndərin həyatından bəhs edən videoçarx nümayiş etdirilib.