BDU Elmi Şurasında Fizika fakültəsinin hesabatı dinlənilib
11 iyul 2023-cü il tarixində Bakı Dövlət Universitetinin Elmi Şurasında gündəlikdəki məsələlərdən biri Fizika fakültəsinin 2022-ci ildəki tədris, elmi və sosial sahələrdə fəaliyyətinə dair hesabatı olub. Hesabatla fakültənin dekanı Bəxtiyar Paşayev çıxış edib. O, əvvəlcə Fizika fakültəsi barədə ümumi məlumat verərək fakültədə 9 kafedranın olduğunu, bu kafedralarda 25 professor, 37 dosent və 29 baş müəllim-müəllimin çalışdığını, bakalavr təhsil səviyyəsində 1112 tələbənin 3 ixtisas üzrə, magistratura təhsil səviyyəsində 123 magistrantın 17 ixtisaslaşma üzrə, doktorantura səviyyəsində 24 nəfərin 8 ixtisas üzrə təhsil aldığını, akademik heyətin tələbə kontingentinə nisbətinin 1/14 olduğunu bildirdi. Bəxtiyar Paşayev qeyd etdi ki, fakültədə elmi seminarlar və konfranslar, sosial tədbirlər nəzərdə tutulmuş plan üzrə keçirilib. Fakültə Elmi Şurasının yeni heyəti təsdiq olunub, Elmi Şuranın iclaslarında fakültənin tədris və elmi fəaliyyəti ilə bağlı məsələlər mütəmadi müzakirə olunub. 2022-ci ildə fakültə dekanının və 7 kafedra müdirinin seçkisi keçirilib, 67 əməkdaş professor-müəllim heyətinə seçilib. Tələbə Elmi Cəmiyyətinin, Tələbə Gənclər Təşkilatının və Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyəti yenidən təşkil olunub, tələbələrin elmi tədqiqata və ictimai fəaliyyətə cəlb olunması istiqamətində səmərəli işlər görülüb. 2022-ci ildə Fizika fakültəsində yeni açılmış “Mühəndis fizikası” ixtisasına qəbul həyata keçirilib.
2022-ci ildə Fizika fakültəsinə Fizika ixtisasına 131, Fizika müəllimliyi ixtisasına 184, Mühəndis fizikası ixtisasına 15 nəfər olmaqla ümumilikdə 330 tələbə daxil olub. Ən aşağı bal 273, ən yuxarı bal isə 668 olub. Həm bakalavr, həm də magistratura üzrə tələbələrin müvəffəqiyyət və keyfiyyət göstəriciləri qənaətbəxş olub. 2022-ci ildə Fizika fakültəsidə Yekun Dövlət Attestasiyasına ümumilikdə IV kursu bitirən 251 nəfər buraxılıb. Onlardan 175 nəfər Yekun Dövlət İmtahanına, 76 nəfər isə Buraxılış işinin müdafisinə buraxılıb. Yekun Dövlət İmtahanının ilk mərhələsində əksər tələbələr müvəffəq qiymətlər alıb. Buraxılış işinin müdafiəsindən isə bütün bakalavrlar "A" alıblar. 2022-ci ildə II kursu bitirən 59 magistrant dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib və bütün magistrantlar "A" alıblar.
Fakültədə elmi fəaliyyət elmi istiqamətlər üzrə davam edib. 2022-ci ildə Fizika fakültəsində 9 kitab dərc olunub. Fizika fakültəsindən AMEA-nın hesabatına daxil etmək üçün 9 mühüm nəticə təqdim edilib. 2022-ci ildə Fizika fakültəsində 46 elmi seminar keçirilib. Onlardan 15-i fakültə səviyyəsində olub, 6 seminarda xarici ölkələrin tanınmış alimləri çıxış edib. 2022-ci ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tələbələrin “Gələcəyin alimləri” adlı VII Respublika elmi konfransı və Magistrantların və gənc tədqiqatçıların “Şuşa İli”nə həsr olunmuş “Fizika və Astronomiya problemləri” adlı XXII Respublika elmi konfransı keçirilib. 2022-ci ildə Fizika fakültəsinin bir qrup əməkdaşı BDU-nun təşkil etdiyi 4 beynəlxalq tədbirlərdə iştirak edib: 1) Kvant elminin və texnologiyasının müasir meylləri: kvant materiallarından kvant informasiyasına qədər (22 sentyabr-2 oktyabr, 2022, Beynəlxalq Yay Məktəbi), 2) Mərkəzi Asiya və Qafqaz Dinamik Günləri (28-30 sentyabr 2022, Beynəlxalq konfrans), 3) Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer (31 oktyabr -5 noyabr, 2022, Beynəlxalq tədbir), 4) Akademik Roald Saqdeyevin anadan olmasının 90 illiyinə həsr olunmuş beynəlxalq multidissiplinar konfrans (27 dekabr, 2022).
BDU-nun nəzdində 2211.01 – "Bərk cisimlər fizikası" və 2206.01 – "Molekulyar fizika" ixtisasları üzrə ED 2.19 Dissertasiya şurası fəaliyyət göstərir. Bu şuranın bazası əsasında 2222.01 – "Nanoquruluşların fizikası və texnologiyası" ixtisası üzrə BFD 2.19 və 2204.01 – "Maye fizikası" ixtisası üzrə BED 2.19 birdəfəlik Dissertasiya Şuraları yaradılmış və müdafiələr keçirilmişdir. Dissertasiya şurasına 4 elmlər doktoru və 11 fəlsəfə doktoru olmaqla 15 dissertasiya daxil olmuşdur. Bu işlərdən 12-sinin Dissertasiya Şurasında müdafiəsi keçirilmişdir və 11 iddiaçı artıq diplomlarını alıb, geri qaytarılan iş yoxdur. 1 iş (fəlsəfə doktoru) AAK-dadır. 1 elmlər doktoru dissertasiya işi Dissertasiya şurasının seminarının qərarı ilə iddia olinduğu ixtisasa uyğun gəlmədiyi üçün geri qaytarılmışdır. 2 fəlsəfə doktoru dissertasiya işi Dissertasiya Şurasının seminarında müzakirə olunub. Fizika fakültəsində Dissertasiya işlərinin müdafiəsi ilə əlaqədar ilkin müzakirə - 9, Dissertasiya şurasının seminarı - 15, Dissertasiya Şurasında - 12 müdafiə olmaqla ümumilikdə 36 seminar keçirilib.
Beynəlxalq əməkdaşlıq çərçivəsində Fizika fakültəsinin əməkdaşları dünyanın bir çox universitetlərinin (Ankara Universiteti (Türkiyə), Orta Doğu Texniki Universiteti (Türkiyə), Sapienza Universiteti (İtaliya), Kumamato Universiteti (Yaponiya), Moskva Dövlət Universiteti (Rusiya Federasiyası), Moskva Fizika-Texnika İnstituti (Rusiya Federasiyası), Avropa Nüvə Tədqiqatları Mərkəzi - CERN (İsveçrə), Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Rusiya Federasiyası, Dubna) və s.) alimləri ilə əməkdaşlıq edir. Fizika fakültəsinin Bərk cisim elektronikası ixtisaslaşması üzrə magistrantı Sevinc Qənbərova 2022-ci il yaz semestrində Erasmus mübadilə proqramı çərçivəsində 1 semestr ərzində Türkiyə Respublikasının Sivas Universitetində təhsil almışdır. İkili diplom proqramları çərçivəsində Türkiyənin Sivas Universiteti ilə BDU-nun Fizika fakültəsi arasında magistratura pilləsinin “Fizika” ixtisası “Nəzəri və riyazi fizika” ixtisaslaşması üzrə ikili diplom proqramı üzərində iş gedir. Bütün prosedurlar yekunlaşıb, təstiqlənməsi üçün Türkiyə Respublikasının YÖK-nə təqdim olunub. Həmçinin Yaponiyanın Kumamoto Universiteti ilə BDU-nun Fizika fakültəsi arasında magistratura mərhələsinin “Fizika” ixtisası “Bərk cisimlər fizikası” ixtisaslaşması üzrə ikili diplom proqramı üzərində iş gedir. Tədris planlarının uyğunlaşdırılması aparılıb.
Fakültə müəllimləri tərəfindən fizika fənninin təbliği istiqamətində işlər görülüb. Fizika fakültəsinin əməkdaşları Bakı şəhəri 119, 234, 332 nömrəli tam orta məktəblərin, Səttar Bəhlulzadə adına gimnaziyanın, Abşeron-Binə liseyinin müəllim və şagirdlərilə görüşüblər, seminar şəklində populyar mövzularda çıxışlar ediblər. O cümlədən Bakı şəhəri 83 nömrəli liseyin və İdrak liseyinin şagirdləri Fizika fakültəsinə ekskursiya ediblər və fakültənin laboratoriyaları ilə tanış olublar.
Bəxtiyar Paşayevin hesabatı BDU Elmi Şurasının üzvləri tərəfindən maraqla qarşılanıb və fakültənin fəaliyyəti yüksək qiymətləndirilib.