BDU Fizika fakültəsində "Dövrümüzdə faşizmin yeni təzahürləri" adlı tədbir keçirilmişdir.
7 may 2021-ci il tarixdə Bakı Dövlət Universiteti Fizika fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 9 may faşizm üzərində qələbə günü ilə əlaqədar "Dövrümüzdə Faşizmin yeni təzahürləri" adlı onlayn tədbir keçirilmişdir. Tədbirdə Fizika fakültəsinin dekan müavini Məhəmməd Məhərrəmov faşizm ideologiyasının tarixindən, bəşəriyyətə vurduğu zərərlərdən danışıb, II Dünya müharibəsində faşizmin ciddi məğlubiyyətə düçar edilməsinə baxmayaraq, hələ də dünyada bu ideologiyanın daşıyıcılarının qalmaqda olduğunu, yeni formalarda üzə çıxdığını qeyd edib. Buna misal kimi o, "erməniliyi" göstərib, bu ideologiyaya qulluq edənlərin fəaliyyət metodlarının, düşüncələrinin tamamilə faşizm ideologiyası ilə eyni olduğunu bildirib. Sonra fakültə THİK sədri Günel Əliyeva, THİK-in aktiv üzvlərindən Nigar Sofiyeva, Zabitə Məmmədova və Səmayə Fətəliyeva çıxış edib, erməni faşizminin iç üzünü açan faktlar barədə, xalqımıza qarşı onlar tərəfindən törədilən soyqırımı, insanlıq adına sığmayan cinayətləri barədə danışıblar. Sonda Səmayə Qasımlının hazırladığı erməni vəhşiliklərini əks etdirən videoçarxlar təqdim olunub.