BDU Fizika fakültəsinin tədqiqatçıları “Texnologiyaların transferi” proqramında qalib olublar
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının təşəbbüsü, Təhsilin İnkişafı Fondu və SABAH.HUB İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Texnologiyaların transferi” proqramı çərçivəsində Bakı Dövlət Universitetinin Fizika fakültəsinin təqdim etdiyi layihə qaliblər sırasına daxil edilib.76 layihə arasında aparılan texniki ekspertiza və müstəqil qiymətləndirmə mərhələlərindən uğurla keçərək seçilən 5 layihədən biri olan bu təşəbbüs, fiber optik rabitə texnologiyalarında istifadə üçün yüksək tezlikli fotodetektorların hazırlanmasına yönəlib. Layihənin müəllifləri Fizika fakültəsi Yarımkeçiricilər fizikası kafedrasının professoru Əli Hüseynov, həmin kafedranın müəllimi Fidan Əhmədova və doktorantı Lamiyə Balayevadır.
Layihənin əsas məqsədi müasir fiber optik rabitəli informasiya texnologiyalarında istifadə olunan ifrat yüksək tezlikli, sadə quruluşlu və yüksək effektivlikli fotodetektorların hazırlanmasından ibarətdir.
Bu tədqiqatın nəticələri yalnız elmi yenilik deyil, həm də praktiki tətbiq və patentləşdirmə potensialı baxımından böyük əhəmiyyət daşıyır. Komanda, yeni yarımkeçirici materiallar əsasında hazırlanmış fotorezistorların kommersiyalaşdırılmasını və müasir optoelektronika sahəsində geniş tətbiqini planlaşdırır.