BDU Gənc istedadlar liseyinin şagirdləri Fizika fakültəsində olublar

Fizika fakültəsinin 2026-cı il iş planına uyğun olaraq (“Hədəf 3.2. Fizika fakültəsi haqqında məlumatın formalaşması üçün orta ümumtəhsil müəssisələrində görüşlərin, orta məktəb şagirdlərinin Fizika fakültəsinə ekskursiyalarının təşkili”) 03 fevral 2026-cı il tarixində BDU Gənc İstedadlar Liseyinin bir qrup 7-ci sinif şagirdi tanışlıq məqsədi ilə Bakı Dövlət Universitetinin Fizika fakültəsində olublar. Qonaqları Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev qəbul edib, onlara BDU-nun tarixi, tədris və elmi fəaliyyəti barədə, eləcə də Fizika fakültəsi, fakültənin tanınmış məzunları, elmi nailiyyətləri barədə məlumat verib. Fizika fakültəsi Ümumi fizika və FTM kafedrasının müəllimi Radifa İsmailovanın təşkilatçılığı ilə şagirdlər fakültənin tədris laboratoriyalarında olublar. Onlara laboratoriyalardakı cihazlar, onların iş prinsipi, laboratoriya işləri, elmi-tədqiqat fəaliyyəti barədə ətraflı məlumat verilib, şagirdlər tərəfindən bəzi laboratoriya təcrübələrinin aparılmasına şərait yaradılıb. Bundan başqa, şagirdlər BDU-nun Faydalı qazıntılar muzeyi və Ekoməkanla tanış olublar.