BDU ilə Çinin Anhui Universitetinin əməkdaşları arasında onlayn görüş
Bakı Dövlət Universiteti (BDU) və Çinin Anhui Universitetinin əməkdaşları arasında onlayn görüş keçirilib. Görüşdə BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev, dekan müavini Vüsal Məmmədov, Nanomaterialların kimyəvi fizikası kafedrasının baş müəllimi Lalə Qəhrəmanlı, Anhui Universitetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin direktoru Hu Xuewen, Materiallar elmi və mühəndisliyi fakültəsinin dekan müavini Yu Xin-Yao, Fizika və optoelektronika mühəndisliyi məktəbinin direktoru Tian Mingliang iştirak ediblər.
BDU-nun Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev fakültədə fəaliyyət göstərən kafedra və laboratoriyalar, aparılan elmi araşdırmalar, tədqiqatlar və nailiyyətlər barədə Anhui Universitetinin nümayəndələrinə məlumat verib. Nanomaterialların kimyəvi fizikası kafedrasının baş müəllimi Lalə Qəhrəmanlı isə BDU-da mövcud olan imkanlardan söz açaraq, son dövrdə aktual olan araşdırma istiqamətləri ilə bağlı xarici tərəfdaşlarla görülən birgə işlərin mahiyyətini qeyd edib.
Anhui Universitetinin Fizika və optoelektronika mühəndisliyi məktəbinin direktoru Tian Migliang Fizika və optoelektronika fakültəsinin professor-müəllim heyəti, elmi-tədqiqat istiqamətləri, tətbiqi işlər və nailiyyətlər haqqında iştirakçıları məlumatlandırıb. Sonra Materiallar elmi və mühəndisliyi fakültəsinin dekan müavini Yu Xi-Yao fakültədə tədris olunan fənlər, tətbiq yönümlü işlər, araşdırma istiqamətləri, istifadə edilən cihaz və avadanlıqlardan söz açıb.
Daha sonra tərəflər iki universitet arasında birgə işlər və növbəti görüşlərin mövzuları haqqında fikir mübadiləsi aparıblar.