BDU-nun Astrofizika kafedrası 18-30 mart tarixləri üçün geomaqnit hava proqnozunu açıqlayıb

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Fəallıq Günəş səthində baş verən M sinif (R1-R2; kiçik-orta-radiodalğaların yayılmasını əngəlləyə bilən) səviyyədə alışmaların baş vermə səbəbindən orta səviyyədə olacaq.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, 21 mart tarixinədək geomaqnit sahə normal fon səviyyəsində olacaq. 21-22 və 25 mart tarixlərində G5 (zəif-kiçik) səviyyəli geomaqnit dəyişiklik gözlənilir. Orta coğrafi enliklərdə geomaqnit sahə sakit olacaq.
Geomaqnit qasırğanın gücünü göstərən və 10 ballıq sistemlə hesablanan Kp əmsalı 21-22 və 25 mart tarixləri üçün 5-ə bərabər, martın 31-dək digər günlər üçün 2-4, yüksək coğrafi enliklərdə isə 19 mart tarixində 6-7 intervalında olacaq.
Günəşdə M (kiçik orta) sinif alışmaların baş vermə ehtimalı 15%, X (güclü) alışmaların baş vermə ehtimalı isə 5%-dir. Yaxın günlər üçün Günəşdə aktivlik orta səviyyədə, Yerin geomaqnit sahəsi sakit olacaq, müəyyən günlərdə orta-dəyişkən ola bilər. Güclü geomaqnit qasırğası gözlənilmir.