BDU-nun Fizika fakültəsinin əməkdaşları Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun fəaliyyəti barədə məlumatlandırılıb
Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Fizikada müasir trendlər" (“Modern trends in physics”) mövzusunda Beynəlxalq elmi konfrans çərçivəsində Fizika fakültəsində keçirilən elmi seminarda Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (Dubna) Nüvə Problemləri Laboratoriyasının direktoru, fizika-riyaziyyat elmləri doktoru Yevgeni Yakuşev məruzə edib.
O bildirib ki, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu Rusiyanın Moskva vilayətinin Dubna şəhərində yerləşən, 13 iştirakçı dövlətin təsisçisi olduğu beynəlxalq hökumətlərarası elmi-tədqiqat təşkilatıdır. İnstitutda nəzəri və eksperimental tədqiqatların əsas istiqamətləri - nüvə fizikası, elementar hissəciklər fizikası və maddənin kondensə olunmuş halı araşdırılır. Yevgeni Yakuşev rəhbərlik etdiyi Nüvə Problemləri Laboratoriyasında aparılan əsas elmi fəaliyyətdən, laboratoriyanın tarixindən və onun müasir elmi-tədqiqat problemlərindən də danışıb. Qeyd edib ki, bu laboratoriyada dünyada çox məşhur olan təcrübələr, nadir proseslərin tədqiqi, neytrino, yüksək enerjilər fizikası və tətbiqi tədqiqatlar aparılır. Azərbaycan Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun təsisçilərindən biri olduğu üçün azərbaycanlı alimlər laboratoriyada aparılan bütün tədqiqatlarda iştirak edə və müasir nüvə fizikası sahəsində tədqiqatlar apara bilərlər.
Seminarın sonunda Yevgeni Yakuşev iştirakçıları maraqlandıran sualları cavablandırıb.