BDU-nun Fizika fakültəsinin I kurs tələbələri ilə görüş
18 sentyabr 2025-ci il tarixində Fizika fakültəsinin I kursuna daxil olmuş tələbələrlə fakültə rəhbərliyinin və professor-müəllim heyətinin görüşü keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin davamında Fizika fakültəsinin tarixi, tədrisin təşkili, elmi fəaliyyət, fakültənin tanınmış məzunları barədə məlumatların əks olunduğu videoçarx nümayiş olunub. Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev I kursa daxil olmuş tələbələri təbrik edərək Bakı Dövlət Universiteti və Fizika fakültəsi barədə, fakültə tərəfindən elm və təhsildə qazanılmış uğurlar barədə danışıb, tələbələrə milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmağı, vətənpərvər olmağı, keyfiyyətli mütəxəssis kimi yetişə bilmək üçün dərslərdə fəal olmağı tövsiyə edib. Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov tələbələri təbrik edib, BDU-nun tələbəsi adını qazanmağın hər bir gənc üçün qürurverici hadisə olduğunu qeyd edərək, bu ada layiq olmaq üçün yorulmadan çalışmağın, öyrənməyin zəruriliyini diqqətə çatdırıb. Fizika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov tələbələri universitetin daxili nizam-intizam qaydaları ilə tanış edib, həmin qaydalara riayət etməyin zəruriliyini diqqətə çatdırıb. O, fakültədə fəaliyyət göstərən tələbə təşkilatları barədə məlumat verib, tələbələri həmin təşkilatların işində, universitetdə fəaliyyət göstərən İdman klubunun və Mədəniyyət Yaradıcılıq Mərkəzinin bölmələrində fəal iştirak etməyə dəvət edib. Sonra BDU üzrə keçirilmiş “İlin gənc alimi” müsabiqəsinin qalibi, Fizika fakültəsinin məzunu, Nanomaterialların kimyəvi fizikası kafedrasının əməkdaşı Lalə Qəhrəmanlı təhsildə və elmdə uğur qazanmağın yolları barədə danışıb, tələbələrə tövsiyələrini çatdırıb. Fizika üzrə 2025-ci il Respublika Olimpiadasının qalibi, fakültənin IV kurs tələbəsi İsrafil Yusublu Fizika fakültəsi barədə ürək sözlərini söyləyib. Qəbul imtahanlarında ən yüksək bal toplamış tələbə Səbuhi Qurbanov çıxış edərək Fizika fakültəsinin tələbəsi adını qazanmaqdan qürur duyduğunu, fizika elminə böyük marağı olduğunu və BDU Fizika fakültəsində fizik kimi yetişmək üçün ona hər bir şərait yaradılacağından, hərtərəfli köməklik göstəriləcəyindən əmin olduğunu bildirib.
Tədbirin sonunda sözləri Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayevə, musiqisi Tarix fakültəsinin kafedra müdiri İqbal Ağayevə aid olan, xalq artisti Gülyanaq Məmmədovanın ifa etdiyi BDU-nun 105 illiyinə həsr olunmuş BDU haqqında “Yaxşı ki varsan, universitetim!” adlı mahnı təqdim olunub.