BDU tələbələrinin Fizika İnstitutuna infoturu təşkil olunub
Fizika fakültəsinin 2025-ci il üçün sosial istiqamətdə tədbirlər planının 2-ci bölməsinin 2.2 bəndinə (Gənclərin bilik və bacarıqlarının artırılmasını təmin edən təlimlərin keçirilməsi) uyğun olaraq Bakı Dövlət Universitetinin Karyera və məzunlarla iş Mərkəzinin ilə birgə Fizika fakültəsi tələbələrinin Elm və Təhsil Nazirliyinin Fizika İnstitutuna infoturu təşkil olunub. İnfoturda fakültənin 23 tələbəsi iştirak edib. Səfərin əsas məqsədi tələbələri institutun elmi-tədqiqat laboratoriyaları ilə yaxından tanış etmək, onların elmi mühit haqqında daha ətraflı məlumat əldə etməsinə şərait yaratmaq və gələcək tədqiqat fəaliyyətlərində faydalı ola biləcək praktik tövsiyyələr verməkdir. Tələbələrə ilk öncə laboratoriyalardakı təhlükəsizlik qaydaları barədə məlumat verilib. Daha sonra “Qeyri-kristallik yarımkeçiricilərin fizikası və elektronikası” laboratoriyasının rəhbəri fizika elmləri doktoru Rəhim Ələkbərov və “Yüksək gərginliklər fizikası və texnikası” laboratoriyasının əməkdaşı fizika üzrə fəlsəfə doktoru Firuzə Cəfərova çıxış edərək, onları aparılan aktual elmi araşdırmalar, istifadə edilən müasir texnologiyalar və innovativ yanaşmalarla tanış ediblər. Bildirilib ki, bu kimi tədbirlər tələbələrin nəzəri biliklərinin praktiki şəkildə möhkəmləndirilməsinə və elmi-tədqiqat mühitinə inteqrasiya olunmasına kömək edir.
Tələbələrin sualları cavablandırılıb. Sonda xatirə şəkli çəkilib.