Bərk cisimlər fizikası kafedrasında elmi seminar ke,irilib

15 aprel 2026-cı il tarixində Fizika fakültəsi Bərk cisimlər fizikası kafedrasının növbəti Elmi seminar keçirilib. Seminarda kafedranın I kurs magistrantı Nərmin Ramiz qızı Əlizadə “Yarımkeçiricilərdə daxili və xarici dayanıqsızlıq şərtləri” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, dayanıqsızlıq hadisəsinin praktiki tətbiqi onun nəzəri cəhətdən öyrənilməsinə böyük maraq yaradır. Yüksək tezlikli generatorların, gücləndiricilərin düzəldilməsi bir çox yarımkeçirici materiallarda, yükdaşıyıcıların keçiriciliyini, müxtəlif temperatur intervalında, xarici elektrik sahəsinin təcrübəyə uyğun qiymətlərində, xarici maqnit sahəsinin təsiri altında nəzəri öyrənməyi tələb edir. Bununla bağlı aparılan ilkin tədqiqat işlərində otaq temperaturunda elektrik və maqnit sahələrinin paralel olduğu halda elektron keçiricilikli germanium yarımkeçiricisində cərəyan şiddətinin rəqsləri təcrübi müşahidə olunub. Bu rəqslərin tezlikləri 10-15 kHs intervalında olub. Xarici elektrik sahəsinin olması yükdaşıyıcıların enerjisini artırır və yükdaşıyıcıların stasionar konsentrasiyası güclü dəyişir. Aşqarlar yükdaşıyıcıları çox böyük sürətlə tutduqda keçirici zonada onların sayı azalır və keçiricilik azalır. Əgər tutma mərkəzləri itələyici olarlarsa, onda elektronların tutulma sürətləri elektrik sahəsi artdıqca artır. Beləliklə, cərəyan şiddəti rəqs edir. Belə rəqslər cərəyan rəqsləri adlanırr və bu hal xarici dayanıqsızlıq kimi xarakterizə olunur. Təqdim olunan tədqiqat işində nəzəri olaraq göstərilib ki, yüksək tezlik həddində bir neçə qeyri-sabitlik oblastı müşahidə edilə bilər. Müəyyən edilib ki, bu oblastlar yük daşıyıcıların konsentrasiyasından, xarici elektrik sahəsindən və yaranan həyəcanlaşmaların tezliyindən əhəmiyyətli dərəcədə asılıdır. Aydın olmuşdur ki, müşahidə olunan bu qeyri-sabitlik oblastlarının injeksiya amillərindən asılılığı yalnız xarici dövrədə yaranan həyəcanlaşmalar zamanı və yüksək injeksiya səviyyələrində, həm yüksək, həm də aşağı tezlikli limitlərdə mümkündür. Göstərilib ki, bu həyəcanlaşmaların baş vermə şərtləri yükdaşıyıcıların konsentrasiyasının və xarici sabit elektrik sahəsinin müxtəlif qiymətlərindən asılı olub və injeksiya amillərindən az dərəcədə asılı olur. Çox yüksək injeksiya səviyyələrində isə həmin həyəcanlaşmaların baş vermə şərtləri injeksiya amillərindən güclü şəkildə asılı olur.
Seminarın sonunda məruzə ətrafında müzakirələr aparılıb, seminar iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb.