Yarımkeçiricilər fizikası kafedrasının elmi seminarı keçirilib

14 aprel 2026-cı il tarixində Yarımkeçiricilər fizikası kafedrasının elmi seminarında kafedranın doktorantı Lamiyə Balayeva “Ga1-xBxSe bərk məhlullarında qeyri-tarazlıqlı elektron hadisələri” mövzusunda çıxış edib. Təqdim olunan məruzədə müasir optoelektronika və yüksək tezlikli siqnal emalı sahəsi üçün perspektivli material hesab olunan Ga1-xBxSe əsaslı yarımkeçirici materialların alınması və xassələrinin kompleks tədqiqi geniş şəkildə müzakirə olunub. Tədqiqat çərçivəsində Ga1-xBxSe bərk məhlullarının sintezi və monokristallarının yetişdirilməsi həyata keçirilib. Struktur analizlər göstərib ki, borun kristal qəfəsə daxil edilməsi materialın kristallit ölçüsünü azaldır və dislokasiya sıxlığını artırır. Bu isə materialın daxili quruluşunda mikrodeformasiyaların formalaşmasına səbəb olur və nəticədə onun funksional xassələrinə təsir göstərir. Raman spektroskopiyası nəticələri GaSe kristallarına xas olan A₁g və E₂g tipli fonon modlarının qorunduğunu, lakin bor əlavə edilməsi ilə vibrasiya xassələrinin tənzimləndiyini göstərib. Bu dəyişikliklər kristalda həm laydaxili, həm də laylararası qarşılıqlı təsirin gücləndiyini təsdiqləyir. Elektrik və fotoelektrik ölçmələri nəticəsində materialın temperaturdan asılı keçiricilik davranışı və müxtəlif enerji səviyyələrinə uyğun aktivləşmə enerjiləri müəyyən edilib. Fotocərəyanın spektral və zamandan asılı olaraq dəyişməsi isə Ga1-xBxSe kristallarının yüksək sürətli fotocavab xüsusiyyətlərinə malik olduğunu ortaya qoyub. Eyni zamanda, fotolüminessensiya və optik udma spektrlərinin tədqiqi zamanı materialın bor konsentrasıyasından asılı olaraq təxminən 1.963–1.949 eV diapazonunda yerləşən qadağan olunmuş zonaya malik olduğu müəyyən edilib. Bu göstərici onun görünən və yaxın infraqırmızı diapazonda işləyən optoelektron cihazlar üçün uyğun olduğunu göstərir. Təqdim olunan nəticələr göstərir ki, Ga1-xBxSe kristalı yüksək tezlikli optik siqnalların qəbulunda istifadə edilə biləcək yeni nəsil fotodetektorların hazırlanması üçün böyük potensiala malikdir. Qeyd edək ki, bu tədqiqatlar müasir fiber-optik rabitə sistemləri, yüksək sürətli məlumat ötürülməsi və sensor texnologiyalarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Seminarın sonunda mövzu üzrə müzakirələr aparılıb və suallar cavablandırılıb.