Bərk cisimlər fizikası kafedrasında elmi seminar keçirilib

22 iyun 2026-cı il tarixində Fizika fakültəsin Bərk cisimlər fizikası kafedrasında növbəti Elmi seminar keçirilib. Seminarda kafedranın doktorantı Zeynalova Səbinə İbrahim qızı “Spin-orbital qarşılıqlı təsirə malik yarımkeçirici əsaslı kvant quruluşlarında Raman səpilməsi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi tərəfindən A₂B₆ tipli yarımkeçiricilər və onların əsasında yaradılan kvant quruluşlarının optoelektronika və nanoelektronika üçün perspektiv materiallar olduğu qeyd edilib, bununla bağlı tədqiqatın aktuallığı əsaslandırılıb. Məruzədə Hg₁₋ₓCdₓTe, HgTe, CdTe, Hg₁₋ₓMnₓTe, Cd₁₋ₓMnₓTe və Hg₁₋ₓFeₓTe tipli yarımkeçiricilərdə elektron Raman səpilməsinin nəzəri tədqiqinin nəticələri təqdim olunub. İnvers və normal zonalı kvant quyularında zonalararası elektron Raman səpilməsi ikizonalı Keyn modeli əsasında araşdırılıb, elektron və deşiklərin enerji spektrləri, dalğa funksiyaları və Raman səpilməsinin diferensial effektiv kəsiyi hesablanıb. Göstərilib ki, Raman səpilməsinin xüsusiyyətləri qadağan zolağının enindən asılıdır və rezonans, həmçinin qeyri-rezonans xarakter daşıyır. Bundan əlavə, güclü maqnit sahəsində Hg₁₋ₓMnₓTe yarımmaqnit yarımkeçiricilərində elektron həyəcanlanmaları nəticəsində yaranan Raman səpilməsi tədqiq edilib, mübadilə qarşılıqlı təsirinin keçirici və valent zonalarının spin altzonalarına parçalanmasına səbəb olduğu müəyyən edilib. Alınmış nəticələrin elektron Raman səpilməsinin yarımmaqnit yarımkeçiricilərin elektron və maqnit xassələrinin öyrənilməsi üçün effektiv üsul olması vurğulanıb və bu üsulun nümunəni zədələmədən materialın xüsusiyyətlərini tədqiq etməyə imkan verdiyi əsaslandırılıb.
Seminarın sonunda məruzə ətrafında müzakirələr aparılıb, seminar iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb.