Bərk cisimlər fizikası kafedrasında elmi seminar keçirilib
10 may 2024-cü il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Bərk cisimlər fizikası kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın magistrantları Babazadə Ləman Rizvan qızı “CdGa2Se4 kristalının fonon spektrinin təməl prinsiplərdən tədqiqi” və Rzayeva Ülviyyə Həmid qızı “İkidərəcəli yarımkeçiricilərdə cərəyan rəqsləri” mövzusunda məruzə ediblər.
Məruzəçi Ləman Babazadə bildirdi ki, təqdim etdiyi işdə CdGa2Se4 kristalında Brillüen zonasın simmetrik nöqtələri, simmetrik xətləri üzrə fonon dispersiyası və fonon hal sıxlığı xətti cavab reaksiyası metodu ilə, dalğa funksiyalarını müstəvi dalğalar üzrə ayırararaq ABINIT proqram paketindən istifadə etməklə hesablanıb. Kristallik qəfəsdə müxtəlif simmetriyalar üçün atomların yerdəyişmələri təyin olunub. Təyin edilib ki, nəzəri hesablanmış fonon tezliklərinin qiymətləri infraqırmızı udma və Raman spektrlərindən eksperimental olaraq müəyyən edilmiş tezliklərlə qənaətbəxş şəkildə uyğun gəlir. Fonon dispersiya spektrlərinin təhlilindən müəyyən edilib ki, tetraqonal ox boyunca fonon-fonon qarşılıqlı təsiri praktiki olaraq yoxdur. Bununla belə, Γ–X–P–N istiqamətində aşağı tezlikli optik fononlar akustik fonon budaqları ilə kəsişir. Nəticədə, xy müstəvisində əhəmiyyətli fonon-fonon qarşılıqlı əlaqəsi baş verir. Bu səbəbdən akustik fononların optik fononlardan səpilməsi ehtimalı yüksəlir və istilikkeçirmənin azalmasına səbəb olur.
İkinci məruzədə Ülviyyə Rzayeva qeyd etdi ki, çoxdomenli və aşqarlı yarımkeçiricilərdə cərəyan rəqsləri nəzəri cəhətdən tədqiq edilib. Bu işlərə nəzər saldıqda xarici sahələrin təsiri altında keçirici mühitdə vibrasiya hadisələrinin həyəcanlanmasınn çox mühüm elmi maraq kəsb etdiyi görünür. Rəqs vəziyyətində keçirici mühit özündən enerji çıxarır və enerji mənbəyinə çevrilir. Keçirici mühitin belə qeyri-sabit vəziyyətləri elektromaqnit enerjisini mexaniki enerjiyə çevirmək imkanı yaradır. Belə ki, bu keçirici mühitlər əsasında hazırlanan qurğular etibarlı və uzun müddət işləyir. Təqdim olunmuş tədqiqat işində xarici maqnit sahəsinin mövcudluğunda kritik elektrik sahəsinin qiymətinin dəyişmədiyi tapılıb. Maqnit sahəsinin dəyişməsi zamanı xarici elektrik sahəsinin müəyyən qiymətlərində qeyri-sabitliyin başladığı müəyyən edilib (yəni cari dalğalanmalar yaranır).
Seminarın sonunda məruzələr ətrafında müzakirələr aparılıb və seminar iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb.