Bərk cisimlər fizikası kafedrasının Elmi seminarı keçirilib
15 mart 2024-cü ildə Fizika fakültəsi Bərk cisimlər fizikası kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın magistrantı Məhərrəmova Aysel Arif qızı “Anizotrop keçirici mühitlərdə eninə və uzununa termomaqnit dalğaların tezliyi” mövzusunda məruzə edib.
Məruzəçi çıxışı zamanı qeyd edib ki, dayanıqsızlıq hadisələrinin nəzəri və təcrübi tədqiqi kristallik bərk cisimlərin daxili quruluşunu və keçiricilik xassələirini aşkar etməyə imkan verir. Xarici elektrik və maqnit sahələrində yerləşən belə sistemlərin fiziki xüsusiyyətlərinin öyrənilməsi onlarda baş verən mikroskopik fiziki hadisələrə əsaslanır. Əgər bərk cisimə xarici elektrik və maqnit sahəsindən əlavə temperatur qradiyenti də təsir edərsə, onda bu nümunədə bir sıra termomaqnit hadisələri baş verir.
Təqdim olunmuş işdə elektron tipli anizotrop keçirici mühitdə sabit temperatur qradiyenti olduqda xarici elektrik sahəsində yükdaşıyıcıların termomaqnit təbiətli uzununa və eninə dalğaların həyəcanlanma hadisələri nəzəri tədqiq edilib. Müəyyən edilib ki, n–tip yükdaşıyıcılı anizotrop keçirici mühitlərdə termomaqnit təbiətli müxtəlif dalğalar yaranır. Göstərilib ki, belə dalğaların tezliyi mühitin keçiriciliyindən asılı olur. Mühitin keçiriciliyi dioqanal keçiricilik qiymətləriylə asanlıqla ifadə edilir. Bu isə həyəcanlanmış dalğaların təcrübi yoxlanılması üçün əlverişli şərait yaradır. Hesablama aparılarkən müxtəlif simmetriyalı kristallar seçilib. Müəyyən edilib ki, fərqli simmetriyalı kristallarda dalğanın həyəcanlanma və güclənmə şərtləri də fərqli olur.
Seminarın sonunda məruzə ətrafında müzakirələr aparılıb və seminar iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb.