Bərk cisimlər fizikası kafedrasının elmi seminarı keçirilib
19 may 2025-ci il tarixində Fizika fakültəsi Bərk cisimlər fizikası kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın II kurs magistrantı Ülviyyə Rzayeva “İki enerji minimumu olan yarımkeçiricilərdə cərəyan rəqslərinin hesablanması” mövzusunda məruzə edib.
Məruzəçi son illərin elmi ədəbiyyatının təhlilinə əsasən qeyd edib ki, iki enerji minimumu olan yarımkeçiricilərdə cərəyan rəqsləri, yüksək tezlikli elektronika və mikrodalğa generatorlarında (məsələn, Qann diodları) geniş praktiki tətbiq tapır. Belə yarımkeçiricilərdə cərəyan rəqslərinin nəzəri tədqiqi yükdaşıyıcıların sürətinin elektrik sahəsindən qeyri-xətti asılılığı, güclü sahə domenlərinin dinamikası, mənfi diferensial müqavimət kimi bir sıra məsələləri ətraflı izah edir. Güclü elektrik sahəsində yerləşmiş ikidərəli yarımkeçiricilərdə elektronlar aşağı enerjili vadi ilə böyük enerjili vadi arasında keçid edir. Bu keçidlər isə öz növbəsində elektronların hərəkət sürətinin dəyişməsinə və nəticədə cərəyan rəqslərinin yaranmasına səbəb olur. Cərəyan rəqslərinin hesablanması üçün yarımkeçiricinin enerji spektri məlum olmalı, köçürmə tənlikləri həll edilməli və domen dinamikası nəzərə alınmalıdır. Məruzəçi apardığı tədqiqatlarda GaAs tipli ikidərəli yarımkeçiricilərdə kinetik tənliyi tətbiq etməklə elektromaqnit enerjisinin süalanmasının baş verdiyi xarici sabit elektrik sahəsinin dəyişmə intervallarının müəyyən edildiyini nəzərə çatdırıb. Aşkar olunub ki, maqnit sahəsi artdıqca elektrik sahəsinin kvadratik artması nümunənin şüalanmasını çətinləşdirir. Bu isə göstərir ki, maqnit sahəsi vasitəsi ilə yaranan qeyri-tarazlığı tənzimləmək olar.
Seminarın sonunda məruzə ətrafında müzakirələr aparılaraq, seminar iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb.