Bərk cisimlər fizikası kafedrasının elmi seminarı keçirilib

23 dekabr 2025-ci il tarixində Fizika fakültəsinin Bərk cisimlər fizikası kafedrasında növbəti Elmi seminar keçirilib. Seminarda kafedranın II kurs magistrantı Ləman Əmirova “Yarımkeçirici əsaslı kvant məftilində elektron və deşiklərin enerji spektri və dalğa funksiyaları” mövzusunda məruzə edib.
Məruzəçi bildirib ki, aşağıölçülü kvant sistemləri əsasında yaradılan lazerlər adi yarımkeçirici lazerlərlə müqayisədə bir çox üstünlüklərə malikdir. Bunlardan biri odur ki, onların tezliyini tənzimləmək olur. Belə ki, lazerin şüalandırdığı işığın tezliyini kvant quyusunun ölçüsündən asılı dəyışmək olur. Belə sistemlərdə inversiya olunacaq halların sayı həcmi yarımkeçirici lazerlərdəkindən xeyli az olduğundan, astana cərəyan sıxlığı əhəmiyyətli dərəcədə kiçıkdır. Hal sıxlıqlarının enrjidən fərqli asılılıqlarına görə, belə lazerlərdə astana cərəyanının yalnız qiyməti deyil, həm də temperaturdan asılılığı dəyişir. O, daha zəif olur ki, bunun nəticəsində də kəsilməz şüalanma yalnız otaq temperaturunda deyil, həm də yüksək temperaturda alınır. Bundan əlavə, bu sistemlərdə invers məskunlaşma yaratmaq daha asandır. Buna görə də, belə lazerlər çox qənaətlidir, daha kiçik cərəyanla işləyir və sərf olunan vahid enerjiyə görə daha çox işıq verir. Təqdim olunan işdə Şredinger tənliyinin həllindən yarımkeçirici əsaslı kvant məftilində yükdaşıyıcıların (elektron və deşiklərin) enerji spektri və dalğa funksiyaları tapılmış, eləcə də hal sıxlığı hesablanmışdır. Bir sıra müxtəlif yarımkeçirici əsaslı kvant məftillərində hal sıxlığı üçün ədədi hesablamalar aparılmışdır.
Seminarın sonunda məruzə ətrafında müzakirələr aparılaraq, seminar iştirakçıları tərəfindən verilən suallar cavablandırıldı.