Bərk cisimlər fizikası kafedrasının elmi seminarı keçirilib
25 dekabr 2024-cü il tarixdə Fizika fakültəsinin Bərk cisimlər fizikası kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın II kurs magistrantı Rahidə Vəlizadə “Kvant məftilinin optik funksiyaları” mövzusunda məruzə edib.
Məruzəçi qeyd edib ki, tədqiqatlarda en kəsiyi düzbucaqlı parallelepiped şəklində olan anizotrop parabolik potensiallı kvant məftilində praktik cəhətdən önəmli olan işığın udulma əmsalı və sınma əmsalının dəyişməsi kimi optik funksiyalar hesablanıb və müxtəlif limit halları üçün araşdırılıb. Göstərilib ki, düzbucaqlı en kəsiyinə malik anizotrop parabolik potensiallı kvant məftilində elektronların zonadaxili altzonalararası keçidləri halında işığın udulması və sınma əmsalının dəyişməsi işıq dalğasının polyarlaşma vektorunun kvant məftilinin oxun perpendikulyar komponenti sıfırdan fərqli olduğu halda mümkündür. Müəyyən edilib ki, işığın udulma əmsalının və sınma əmsalının dəyişməsinin işıq tezliyindən asılılığı rezonans xarakterinə malikdir və fotonun enerjisi iki qonşu altzonalararası məsafəyə bərabər olduqda udulma əmsalı kəskin maksimuma malik olur. Həmçinin göstərilib ki, optik funksiyaları xətti konsentrasiya ilə ifadə etdikdə onların qiyməti kvant məftilinin en kəsiyinin sahəsi ilə tərs mütənasib olur.
Seminarın sonunda məruzə ətrafında müzakirələr aparılıb, seminar iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb.