Bərk cisimlər fizikası kafedrasının elmi seminarı keçirilib
-lg.jpg)
28 noyabr 2025-ci il tarixində Fizika fakültəsinin Bərk cisimlər fizikası kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın dosenti, fizika-riyaziyyat elmləri namizədi Eldar Həsənov “Seyrəkləşmiş plazmada və bərk cisim plazmasında dayanıqsızlıq nəzəriyyəsi” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, plazma və bərk cisimlərdə xarici təsirlərin nəticəsində (elektrik sahəsi, maqnit sahəsi və temperatur qradienti) yükdaşıyıcıların (elektronlar və deşiklərin) konsentrasiyaları mühit daxilində qeyri-bərabər paylanır və mühit tarazlıqdan çıxır. Belə mühitlərdə yaranan kinetik effektlərin nəzəri tədqiqi praktiki əhəmiyyətə malikdir. Qeyri-taraz halda olan keçirici mühitlər xarici təsirlərin müəyyən qiymətindən sonra enerji şüalanmasına başlayır. E.Həsənov eyd edib ki, aparılmış nəzəri tədqiqatların məqsədi müxtəlif mühitlərdə yaranan cərəyan rəqslərinin tezliklərini və cərəyan amplitudalarını hesablamaqdan ibarət olub. Bu məqsədlə plazma və bərk cisimlərdə cərəyan rəqslərinin amplitudları və tezlikləri hesablanaraq bu kəmiyyətlərə uyğun xarici elektrik sahəsinin qiyməti təyin edilib. Qeyd etmək lazımdır ki, qeyri-tarazlıqda olan mühitlər düzləndirici və gücləndirici cihazların yaradılmasında praktiki əhəmiyyətə malik olur.
Seminarın sonunda məruzə ətrafında müzakirələr aparılıb və seminar iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb.