Bərk cisimlər fizikası kafedrasının Elmi seminarı keçirilib
Bakı Dövlət Universitetinin Fizika fakültəsində 29 mart 2024-cü ildə növbəti Elmi seminar keçirilib. Seminarda Bərk cisimlər fizikası kafedrasının magistrantları İsmayılova Münəvvər Təvəkgül qızı “İkiölçülü elektron qazında yükdaşıyıcıların enerji spektri, dalğa funksiyası və hal sıxlığı” və Vəlizadə Rahidə Rəfail qızı “Kvant məftilində elektronların zonadaxili optik keçidləri halında dielektrik qavrayıcılığı” mövzusunda məruzə ediblər.
Məruzəçi M.T.İsmayılova çıxışı zamanı qeyd edib ki, hazırda nanoelektronikada aşağıölçülü elektron sistemlərinin, o cümlədən ikiölçülü elektron qazının öyrənilməsi xüsusi önəm kəsb edir. Bu həm fundamental tədqiqatlarla, həm də geniş tətbiq imkanları ilə bağlıdır. Təqdim olunmuş işdə birelektronlu effektiv kütlə yaxınlaşmasında Şredinger tənliyi həll edilmişdir. Şredinger tənliyinin həllindən sonsuz dərin quyu modelində bir zərrəcik yaxınlaşmasında ikiölçülü elektron qazı üçün enerji spektri və dalğa funksiyaları tapılmış və onların əsasında hal sıxlığı hesablanmışdır. Göstərilmişdir ki, enerji spektri quyunun enindən asılı olduğundan quyunun enini dəyişməklə quyudakı enerji səviyyələrinin sayını dəyişmək olar. Təyin olunmuşdur ki, hal sıxlığının enerjidən asılılığı pilləvaridir.
Digər məruzəçi R.R.Vəlizadə isə mövzusunun aktuallığını əsaslandıraraq bildirmişdir ki, aşağıölçülü elektron sistemlərində optik keçidlərin öyrənilməsinin əhəmiyyəti bu sistemlərin optoelektronika cihazlarında geniş tətbiq olunması ilə bağlıdır. Onun təqdim etdiyi işdə en kəsiyi düzbucaqlı şəklində olan anizotrop parabolik məhdudlaşdırıcı potensiala malik kvant məftilində elektronların zonadaxili altzonalararası optik keçidləri halında seçmə qaydaları müəyyən edilmiş, dielektrik qavrayıcılığının analitik ifadəsi tapılmışdır. Göstərilmişdir ki, dielektrik qavrayıcılığının ifadəsindən istifadə etməklə baxılan sistemin işığın udulma əmsalı, sınma əmsalının dəyişməsi kimi optik funksiyalarını hesablamaq mümkündür. Məruzəçi qeyd etmişdir ki, tədqiq olunan bu sistemlərdə elektronların zonadaxili altzonalararası optik keçidləri yalnız işıq dalğasının polyarlaşma vektorunun kvant məftilinin oxuna perpendikulyar komponenti sıfırdan fərqli olduğu halda mümkündür, zonadaxili düz optik keçidlər isə yalnız qonşu altzonalar arasında mümkündür (bu zaman kvant ədədi bir vahid dəyişə bilər).
Seminarın sonunda məruzələr ətrafında müzakirələr aparılmış və seminar iştirakçıları tərəfindən verilən suallar cavablandırılmışdır.