Bərk cisimlər fizikası kafedrasının Elmi seminarı keçirilib
26 aprel 2024-cü il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Bərk cisimlər fizikası kfedrasının növbəti Elmi seminar keçirilib. Seminarda Bərk kafedranın magistrantları Məmmədova Günel Cəmşid qızı “İfratkeçiricilərdə yükdaşıyıcıların səthin nahamarlıqlarından səpilməsi zamanı şaquli köçürmə hadisəsi” və Əliyev Sənan Ruslan oğlu “Aşqarlı yarımkeçiricilərdə cərəyan rəqsləri” mövzusunda məruzə ediblər.
Günel Məmmədova qeyd edib ki, zərrəciklərin səpilmə mexanizmləri hələ də nanostrukturların öyrənilməsi üçün əsas fundamental metodlardan biri olaraq qalmaqdadır. Bu isə öz növbəsində onunla bağlıdır ki, elektron-elektron, elektron-fonon və elektron-ion səpilməsi, eləcə də spin fırlanması kinetik effektlər üçün həlledici rol oynayır. Aşağıölçülü sistemlərdə yükdaşıyıcıların konsentrasiyanın böyük qiymətləri üçün əsas səpilmə mexanizmi səthin nahamarlıqlarından səpilmədir. Təqdim olunmuş məruzədə məhz yükdaşyıcıların səthin nahamarlıqlarından səpilməsi halı üçün yürüklük və elektrik keçiriciliyi hesablanıb. Səth nahamarlıqlarının ölçülərinin (səthin uzunluğu və hündürlüyü) və güclü maqnit sahəsinin yürüklüyə və elektrik keçiriciliyinə təsiri öyrənilib. Müəyyən olunub ki, altzonalararası keçidlər üçün yürüklüyün qiyməti daha kiçikdir. Göstərilib ki, zonalararası səpilmə zonalardaxili səpilməyə nisbətən üstünlük təşkil edir.
Digər məruzəçi Sənan Əliyev bildirib ki, keçirici mühitdə xarici elektrik sahəsinin təsiri altında yükdaşıyıcılar elektrik sahəsindən əlavə enerji alır. Bu zaman yükdaşıyıcıların paylanması dalğa şəklində olur. Bu dalğalar qeyri-sabit olub enerji verməyə bilər. Müxtəlf keçirici mühitlərdə qeyri-sabit vəziyyətlərin nəzəri tədqiqatları müxtəlif riyazi yanaşmalar tələb edir. Bu sahədə aparılmış bir sıra nəzəri tədqiqatlarda yarımkeçirici mühitlərdə xarici elektrik sahəsi və cərəyan rəqslərinin tezliyi üçün analtik düsturların tapılmasına baxmayaraq aşqarlı yarımkeçiricilərdə qeyri-sabit dalğaların həyacanlaması şəraiti mühitdə müxtəlif aşqarlı mərkəzlərinin olması nəticəsində yaranan bir sıra amillərdən asılıdır. Məsələn, aşqar səviyyələri yarımkeçiricinin keçirici zonasından müxtəlif məsafələrdə yerləşir. Yarımkeçiricinin temperaturundan asılı olaraq bu enerji səviyyələri az və ya çox aktiv olur. Təqdim olunmuş işdə xarici elektrik sahəsində bir və iki mənfi aşqar mərkəzləri olan yarımkeçiricilərdə cərəyan rəqsləri nəzəri tədqiq edilib. Nəticədə sistemin impedansını (müqavimətini) nəzəri hesablamaqla mühit daxilində yaranan cərəyan rəqslərinin tezlikləri və bu rəqslərin yarandığı hala uyğun xarici elektrik sahəsinin qiyməti hesablanıb.
Seminarın sonunda məruzələr ətrafında müzakirələr aparılıb və seminar iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb.