Bərk cisimlər fizikası kafedrasının professoru vəfat edib.
Sofya Rüstəm qızı Fiqarova 6 iyul 1949-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1966-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub və 1971-ci ildə həmin fakültəni fizik, fizika müəllimi ixtisasları üzrə bitirib. 1971-1973-cü illər Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda işləyib. 1973-cü ildən ömrünün sonunadək (19.02.2025) Bakı Dövlət Universiteti Fizika fakültəsinin Bərk cisimlər fizikası kafedrasında işləyib. 1981-ci ildə “Müxtəlif səthli yarımkeçirici təbəqələrdə kinetik effektlər” mövzusunda namizədlik dissertasiya işi müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb. 2008-ci ildə “Aşağıölçülü elektron sistemlərində köçürmə hadisələri” mövzusunda doktorluq dissertasiya işi müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi alıb. 1997-ci ildə dosent, 2013-ci ildə isə professor elmi adı alıb.
Bakı Dövlət Universitetnin bakalavr təhsil pilləsində ümumnəzəri kurslardan “Klassik mexanika”, “Termodinamika və statistik fizika” “Aşağıölçülü sistemlər fizikasının əsasları” və “Kondensə olunmuş hal fizikası” fənlərindən mühazirələr oxuyub və məşğələ dərsləri aparıb. Magistr təhsil pilləsində isə ixtisas kurslarından “Kvant statistikası”, “Bərk cisimlərin kvant nəzəriyyəsi”, “İfratkeçiricilik və maqnetizm”, “Bərk cisimlər fizikasının seçmə məsələləri” və “Metallar və yarımkeçiricilər fizikası” fənlərindən mühazirələr oxuyub. Bakalavr və magistratura təhsil pilləsində buraxılış işlərinə və magistr dissertasiyalarına rəhbərlik edib. Onun rəhbərliyi ilə 20-yə yaxın magistr dissertasiya işi müdafiə olunub. Üç elmlər namizədi, bir elmlər doktoru yetişdirib.
Elmi fəaliyyəti bərk cisimlərin kvant nəzəriyyəsi ilə bağlı olub. Aşağıölçülü sistemlərdə elektron köçürmə hadisələri ilə məşğul olub. Güclü maqnit sahəsində yerləşmiş ifratqəfəslərin qalvano- və termomaqnit hadisələrinin kvant nəzəriyyəsini, həm klassik, həm də ölçüyə görə kvantlanmış keçirici təbəqələrdə köçürmə hadisələrinin ardıcıl nəzəriyyəsi qurulmasında yaxından iştirak edib. Cırlaşmış keçirici təbəqələrdə mənfi differnsial keçiricilik və maqnit müqaviməti kimi keyfiyyətcə yeni hadisənin varlığı haqqında fikiri irəli sürüb. Klassik və kvantlayıcı maqnit sahələrində yerləşmiş ifratqəfəslərdə termomaqnit və qalvanomaqnit hadisələri tədqiq edib. Kvantlayıcı maqnit sahəsində maqnit müqavimətinin ossillyasiyalarına elektronun spininin təsirini araşdırıb. Qeyri-dissipativ termomaqnit hadisələrinin, o cümlədən kvant ifratqəfəslərində termoelektrik hərəkət qüvvəsinin nəzəriyyəsini qurub. Onun aldığı nəzəri nəticələr nanoelektronikada sahə tranzistorları, sensorlu vericilər, termoelementlər və digər optoelektron cihazlar yaradılarkən istifadə oluna bilər.
Sofya Fiqarova 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” Fəxri adını alıb. 2019-cu ildə Azərbaycan Respublikası Təhsil nazirinin əmrinə əsasən “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib
Fizika fakültəsinin kollektivi gözəl müəllim, istedadlı alim, səmimi insan, professor Sofya Fiqarovanın vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!