Bərk cisimlər fizikası kafedrasının professorunun yubileyi
Bu gün Bakı Dövlət Universitetinin (BDU) Bərk cisimlər fizikası kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Taryel İsmayılovun yubileyidir.
Taryel Hümbət oğlu İsmayılov 16 oktyabr 1949-cu ildə Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1957-1967-ci illərdə Bakı şəhəri 176 nömrəli orta məktəbində təhsil alıb və orta məktəbi qızıl medalla bitirib. 1967-ci ildə BDU-nun Fizika fakültəsinə daxil olub, 1972-ci ildə BDU-nu fizik, fizika müəllimi ixtisasları üzrə fərqlənmə diplomu ilə bitirib.
1972-1985-ci illərdə Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunda kicik elmi işçi kimi çalışıb. 1975-1976-cı illərdə SSRİ Elmlər Akademiyası Radiotexnika və Elektronika İnstitutunda (Moskva şəhəri) elmi tədqiqatçı kimi fəaliyyət göstərib. 1981-ci ildə Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunda “HgCdTe bərk məhlullarında işığın udulma və zonalararası kombinasion səpilmə nəzəriyyəsi” mövzusunda namizədlik dissertasiya işi müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb. 1985-1992-ci illərdə Kosmik Tədqiqatlar Elm İstesalat Birliyində baş elmi işçi, qrup rəhbəri olub. 1992-1999-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda aparıcı elmi işçi kimi çalışıb. 1993-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda “A2B6 tipli yarımkeçiricilərdə və onların yarımmagnit məhlullarında işığın elektron kombinasion səpilməsi və ikifotonlu udulması” mövzusunda doktorluq dissertasiya işi müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi alıb. 1999-2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda laboratoriya müdiri işləyib. 2000-ci ildən indiyənədək BDU-nun Fizika fakültəsinin Bərk cisimlər fizikası kafedrasının professorudur.
Bakalavr təhsil pilləsində ümumnəzəri kurslardan “Klassik mexanika”, “Termodinamika və statistik fizika” “Aşağıölçülü sistemlər fizikasının əsasları” fənlərindən mühazirələr oxuyur və məşğələ dərsləri aparır. Magistr təhsil pilləsində isə ixtisas kurslarından “Bərk cisimlərin optik xassələri”, “Qrin funksiyası metodunun bərk cisimlərə tətbiqi, “Qrup nəzəriyyəsi və onun bərk cisimlərə tətbiqi” fənlərindən mühazirələr oxuyur. Bakalavr təhsil pilləsində buraxılış və magistratura təhsil pilləsində isə magistr dissertasiya işlərinə rəhbərlik edir. Onun elmi rəhbərliyi ilə 7 nəfər namızədlık dıssertasiya işini müdafiə edib. Elmi fəaliyyəti yarımkeçiricilər fizikası, aşağıölcülü elektron sistemləri, kvant nanostrukturları, kvant optoelektronikası, spintronika kimi fizikanın müasir sahələrini əhatə edir. Yerli və xarici elmi nəşrlərdə dərc olunmuş 120-dən artıq elmi əsərin, o cümlədən 1 dərs vəsaiti və müəlliflik şəhadətnaməsinin müəllifidir. "BDU-nun 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
Taryel İsmayılov zəhmətkeş alim, ustad pedaqoq olmaqla yanaşı, həm də gözəl insandır. Fizika fakültəsi ailəsi olaraq Taryel müəllimi 75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona möhkəm can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.