Bərk cisimlər fizikası kafedrasının seminarında magistrant elmi məruzə ilə çıxış edib

25 fevral 2026-cı il tarixində Fizika fakültəsində növbəti Elmi seminar keçirilib. Seminarda Bərk cisimlər fizikası kafedrasının I kurs magistrantı İsmayil Əhmədzadə “Yarımkeçirici əsaslı kvant nöqtələrində zonalararası optik udulma” mövzusunda məruzə edib.
Məruzəçi seminar iştirakçılarının nəzərinə çatdırıb ki, son illər kvant nöqtələri nanofizika və kvant optikası sahələrində aparılan tədqiqatların obyektlərindən birinə çevrilmişdir. Ölçü və forma müxtəlifliyinə (sferik, diskşəkilli, halqaşəkilli, ellipsoid, konusvari, silindrik və piramidal) və ölçü kvantlanmasından irəli gələn unikal xassələrinə görə kvant nöqtələri çoxsaylı texnoloji və praktik tətbiqlər üçün ideal namizəd kimi qəbul olunurlar. Ənənəvi optoelektronika, lazerlər və LED-lərlə yanaşı, bu strukturlar kvant hesablama, kvant məlumat ötürülməsi və biofotonika kimi yeni nəsil texnologiyalarda geniş tətbiq sahəsinə malikdir.
Təqdim olunmuş işdə yarımkeçirici əsaslı kvant nöqtələrində zonalararası optik udulma hadisəsi tədqiq edilmişdir. Məlum olduğu kimi, optik udulma proseslərinin tədqiqi həm nəzəri, həm də eksperimental metodlarla aparılır. Nəzəri modelləşdirmədə effektiv kütlə yaxınlaşmasında Şredinger tənliyinin həllinə əsasən enerji səviyyələri tapılır. Eksperimental tədqiqatlarda isə fotolüminesensiya və ultrabənövşəyi spektroskopiya üsullarından istifadə olunur. Məruzəçi apardığı tədqiqatlarda yarımkeçirici əsaslı kvant noqtəsi üçün effektiv kütlə yaxınlaşmasının dərin quyu modelində zona quruluşunun araşdırıldığını, enerji spektri və dalğa funksiyalarının analitik olaraq hesablandığını bildirib. Bundan başqa, həmin yaxınlaşmada yarımkeçirici kvant nöqtəsinin hal sıxlığı və zonalararası keçidlərin matris elementləri hesablanıb və onların enerjidən asılılıqları müəyyən edilib. Ferminin Qızıl Qaydası əsasında zonalararası optik udulma əmsalının tam ifadəsi tapılıb. Kvant nöqtələri radiusunun artması ilə udulma pikinin spektrin qırmızı oblastına doğru sürüşməsi kəmiyyətcə qiymətləndirilib, məhdudlaşma enerjisinin dominantlığı nümayiş etdirilib. Temperatur asılılığının (T = 4 ÷ 300 K) udulma spektrinə təsiri Varşni yaxınlaşması əsasında hesablanıb. Alınan nəzəri nəticələrin eksperimental nəticələr ilə müqayisəli təhlili CdSe, InAs, GaAs kvant nöqtələri üçün yaxşı uyğunluq olduğunu göstərib.
Seminarın sonunda məruzə ətrafında müzakirələr aparılıb, məruzəçi seminar iştirakçıları tərəfindən verilən suallar cavablandıb.