Beykend Universitetinin professoru Fizika fakültəsində ustad dərsi keçib

Bakı Dövlət Universitetində keçirilən “Fizikada müasir trendlər (Modern Trends in Physics)” adlı Beynəlxalq konfransda iştirak edən İstanbul Beykend Universitetinin professoru Ümit Deniz Gökər Fizika fakültəsinin tələbələri üçün ustad dərsi keçib. Dəniz Gökər Günəşin atmosfer qatları haqqında qısa məlumat verdikdən sonra əsas tədqiqat sahəsi olan Günəş tacı və axın təbəqəsi barədə geniş izah təqdim edib. O, Günəşin 11 illik aktivlik dövrü və 22 illik maqnit dövrü haqqında danışaraq, bu dövrlər zamanı baş verən alışmaların fiziki mexanizmlərini izah edib və həmin proseslərin Yerə təsirləri barədə danışıb. Günəşdə yaranan zərbə dalğalarının mahiyyəti, onların modelləşdirilməsində istifadə olunan əsas tənliklər və tətbiq olunan nəzəri yanaşmalar diqqətə çatdırılıb. Həmçinin, Günəş küləklərinin ulduzlararası mühitdə yayılması, Yer kürəsinin maqnitosfer və ionosfer qatlarına təsiri və bu təsirlərin qütb bölgələrində müşahidə olunan hadisələrlə əlaqəsi ətraflı şərh olunub. O, mülki aviasiyada mövsümi dəyişikliklərdən, Günəş aktivliyindən və geomaqnit aktivlikdən asılı olaraq geomaqnit qasırğaların təyyarə qəzalarına təsirindən də danışıb.
Seminar tələbələrin böyük marağına səbəb olub və geniş müzakirələr aparılıb. Tələbələrin sualları ətraflı cavablandırılıb.