Birgə elmi seminar keçirilib
8 May 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat, Fizika, Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun birgə elmi seminarı keçirilib. Seminarda Mexanika-riyaziyyat fakültəsi Riyazi analiz kafedrasının 1-ci kurs magistrantı Vüqar Quliyev “Üçdəyişənli funksiyanın birdəyişənli kordinat funksiyalarının cəmi ilə ən yaxşı yaxınlaşması haqqında” mövzusunda məruzə edib. Məruzəçi bildirmişdir ki, n-dəyişənli kəsilməz funksiyaların koordinat funksiyalarının cəmi ilə ən yaxşı yaxınlaşma məsələsi n=2 halında geniş tədqiq olunsa da, n≥3 halında problem olaraq qalmaqdadır. Məruzədə n=2 halında məlum nəticələr barədə geniş məlumat verilərək, n=3 halı üçün məruzəçinin Riyazi analiz kafedrasının müdiri professor Rəşid Əliyev və I kurs magistrantı Amil Cəbiyev ilə birlikdə aldıqları nəticələr şərh olunaraq, müəyyən şərtlər daxilində, üçdəyişənli funksiyanın birdəyişənli koordinat funksiyalarının cəmi ilə ən yaxşı yaxınlaşmasının tapılması alqoritmi göstərilib. Seminarda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları, Bakı Dövlət Universitetinin Fizika, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin müəllimləri iştirak ediblər. Sonda Mexanika-riyaziyyat fakültəsinin dekanı professor Ziyatxan Əliyev və AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov çıxış edərək məruzəçi haqqında müsbət fikirlərini bildiriblər.