Birgə elmi seminarda atom nüvələrinin mərkəzi toqquşmalarının təcrübi tədqiqi barədə danışılıb
-lg.jpg)
16 aprel 2026-cı il tarixində Fizika fakültəsi Maddə quruluşu kafedrası və Fizika Problemləri ETİ-nin birgə elmi seminarı keçirilib. Seminarda professor Mais Süleymanov “Atom nüvələrinin mərkəzi toqquşmalarının təcrübi tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.
Qeyd olunub ki, müasir sürətləndiricilər və kollayderlərdə aparılan tədqiqatların əsas istiqamətlərindən biri kvark-qlüon plazmasının mövcudluğunu təcrübi şəkildə sübut etməkdir. Bu məsələ Kainatın yaranmasını izah edən “Böyük Partlayış” nəzəriyyəsinin təcrübi əsaslandırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin nəzəriyyəyə görə, maddənin ilkin və ən sadə forması sıxlığı adi nüvə sıxlığından təxminən bir neçə dəfə yüksək olan kvark-qlüon plazmasıdır. Hesab olunur ki, bu cür yüksək sıxlıqlı maddə halını təcrübədə müşahidə etmək üçün zəruri şərait yüksək enerjili atom nüvələrinin mərkəzi toqquşmaları zamanı əldə edilə bilər.
Məruzədə atom nüvələrinin mərkəzi toqquşmalarının təcrübi üsullarla müəyyən edilməsi, adron kollayderlərində bu hadisələrin tədqiqi və əldə olunmuş ən son nəticələr təqdim olunub. Məruzə ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.