Dissertasiya işinin elmi seminarı keçirilib
2 may 2024-cü ildə “Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun “Nüvə və Yüksək enerjilər fizikası” laboratoriyasının doktorantı Nərmin Əliməmməd Nəsibovanın BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya şurasının Elmi Seminarında 2212.01 – Nəzəri fizika ixtisası üzrə “Sonlu temperaturda adron qarşılıqlı təsirlərinin Holoqrafik Kvant Xromodinamikasında tədqiqi” mövzusunda fizika elm sahəsi üzrə fəlsəfə elmləri doktoru dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin elmi seminarı keçirilib. Dissertasiya Şurasının Elmi Seminarının sədri professor Sərhəddin Abdullayev iclası açıq elan edərək 9 nəfər Seminar üzvündən hamısının iştirak etdiyinə görə Elmi Seminarın iclasının səlahiyyətli olduğunu bildirdi. Nərmin Əliməmməd qızı Nəsibova dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Vəli Hüseynov, Bakı Dövlət Universitetinin Fizika problemləri ETİ-nun “Nəzəri fizika” şöbəsinin aparıcı elmi işçisi dos. Vətən Bədəlov dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Nəsibova Nərminin fizika üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Nərmin Əliməmməd qızı Nəsibovanın fizika üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Sonlu temperaturda adron qarşılıqlı təsirlərinin Holoqrafik Kvant Xromodinamikasında tədqiqi” mövzusunda dissertasiya işi mövzusunun aktuallığına, məzmununa, alınmış nəticələrin elmi yeniliyinə və praktiki əhəmiyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verir və onun müəllifi 2212.01 – "Nəzəri fizika" ixtisasında fizika üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini Dissertasiya Şurasında müdafiəyə təqdim etmək olar.