Dissertasiya işinin ilkin müzakirəsi keçirilib
14 fevral 2024-cü ildə BDU-nun Fizika fakültəsinin Optika və molekulyar fizika, Maddə quruluşu kafedralarının və BDU-nun Fizika Problemləri ETİ-nun Biofizika şöbəsinin birgə iştirakı ilə keçirilən seminarda "Maddə quruluşu" kafedrasının doktorantı, Optika və molekulyar fizika kafedrasının laborantı Əsədova Aynur Heydərqulu qızının 2206.01 Molekulyar fizika ixtisası üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Aqaroza hidrogelinin fiziki-kimyəvi xassələrinə bir sıra hidrofob və hidrofil təbiətli əlavələrin təsiri " mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İclasın sədri Fizika Problemləri Elmi Tədqiqat institutunun Biofizika şöbəsinin aparıcı elmi işçisi dosent, f.e.d. Gülşən Ağayeva iclası açıq elan edərək iddiaçı və dissertasiya işi haqqında qısa məlumat verdi. Aynur Əsədova dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər, f.e.d. Abbasov Hakim və f.r.e.n Paşayev Faiq dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Aynur Əsədovanın fəlsəfə üzrə elmlər doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Əsədova Aynur Heydərqulu qızının təqdim etdiyi "Aqaroza hidrogelinin fiziki-kimyəvi xassələrinə bir sıra hidrofob və hidrofil təbiətli əlavələrin təsiri" mövzusunda dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmlər doktoru dissertasiyalarına qoyduğu tələblərə tam cavab verir və onun müəllifi 2206.01 – "Molekulyar fizika" ixtisası üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya Şurasına təqdim etmək olar.