Dissertasiya işinin ilkin müzakirəsi keçirilib

17 iyun 2026-cı il tarixində BDU-nun “Fizika problemləri” ETİ-nin, Fizika fakültəsinin “Optika və molekulyar fizika”, “Nanomaterialların kimyəvi fizikası” və “Maddə quruluşu” kafedralarının birgə elmi seminarında “Fizika problemləri” ETİ-nin dissertantı Sara Qəmbər qızı Rəhimzadənin 2206.01 – “Molekulyar fizika” ixtisasından fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Triptofan- və tirozin- tərkibli peptidlərin və onların komplekslərinin molekulyar modelləşdirilməsi" mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İclasın sədri Biofizika şöbəsinin müdiri professor Namiq Əhmədov iclası açıq elan edərək iddiaçı və dissertasiya işi haqqında qısa məlumat verdi. Sara Rəhimzadə dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər, f.ü.e.d., prof. Abdullayev Adil və f.e.d., dos. İsmayılova Larisa dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Sara Rəhimzadənin fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Sara Qəmbər qızı Rəhimzadə təqdim etdiyi " Triptofan- və tirozin- tərkibli peptidlərin və onların komplekslərinin molekulyar modelləşdirilməsi" mövzusunda dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə doktoru dissertasiyalarına qoyduğu tələblərə tam cavab verir və onun müəllifi 2206.01 – “Molekulyar fizika” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir.