Dissertasiya işinin ilkin müzakirəsi keçirilib

17 sentyabr 2026-cı ildə BDU-nun Fizika fakültəsinin Fiziki elektronika, Yarımkeçiricilər fizikası, BDU-nun Fizika Problemləri ETİ-nun Kondensə olunmuş hal fizikası şöbəsinin birgə elmi seminarında "Fiziki elektronika " kafedrasının doktorantı Bəxtiyarlı Elvin Rameş oğlunun 2203.01 Elektronika fizikası ixtisasından fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Təmiz və Nikellə aşqarlanmış polimer aralıq laylı Au/polimer/n-Si strukturlarının elektrik parametr və xassələri" mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İclasın sədri Fiziki elektronika kafedrasının müdiri professor Əhməd Abdinov iclası açıq elan edərək iddiaçı və dissertasiya işi haqqında qısa məlumat verdi. Bəxtiyarlı Elvin dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər, f.e.d. Rövşən Məmməd oğlu Məmmədov və f.e.d, dos. Şıxəmir Osmat oğlu Eminov dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəyləri, irad və təklifləri səsləndirdi. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Bəxtiyarlı Elvin fizika üzrə fəlsəfə elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Bəxtiyarlı Elvin Rameş oğlunun təqdim etdiyi " Təmiz və Nikellə aşqarlanmış polimer aralıq laylı Au/polimer/n-Si strukturlarının elektrik parametr və xassələri " mövzusunda dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə doktoru dissertasiyalarına qoyduğu tələblərə tam cavab verir və onun müəllifi 2203.01 – "Elektronika" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir.