Dissertasiya işinin ilkin müzakirəsi keçirilib
16 iyun 2023-cü ildə BDU-nun Fizika fakültəsinin Optika və molekulyar fizika, Bərk cisimlər fizikası kafedralarının və BDU-nun Fizika Problemləri ETİ-nin kondensə olunmuş hal fizikası şöbəsinin birgə elmi seminarında "Bərk cisimlər fizikası " kafedrasının sabiq doktorantı, Azərbaycan Tibb Universitetinin “Tibbi və bioloji fizika” kafedrasının dosenti Əmirov Şahmərdan Şahbaz oğlunun 2211.01 Bərk cisimlər fizikası ixtisası üzrə fizika elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Metamateriallarda və qeyri-xətti optik kristallarda lazer şüalanmalarının üç və dörd tezlikli qarşılıqlı təsirləri“ mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İclasın sədri Optika və molekulyar fizika kafedrasının professoru Rasim Məmmədov iclası açıq elan edərək iddiaçı və dissertasiya işi haqqında qısa məlumat verdi. Şahmərdan Əmirov dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Doktorantın ixtisasına uyğun 2211.01 “Bərk cisimlər fizikası” ixtisası üzrə fizika elmləri doktorları İzzət Əfəndiyeva və Namiq Niftiyev dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Şahmərdan Əmirovun fizika elmləri doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Əmirov Şahmərdan Şahbaz oğlunun təqdim etdiyi “Metamateriallarda və qeyri-xətti optik kristallarda lazer şüalanmalarının üç və dörd tezlikli qarşılıqlı təsirləri“ mövzusunda dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmlər doktoru dissertasiyalarına qoyduğu tələblərə tam cavab verir və onun müəllifi 2211.01 – "Bərk cisimlər fizikası " ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya Şurasına təqdim etmək olar.