Dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

26 may 2026-cı ildə BDU-nun Fizika fakültəsinin Optika və molekulyar fizika, Maddə quruluşu kafedralarının və BDU-nun Fizika Problemləri ETİ-nun Biofizika şöbəsinin birgə elmi seminarında "Optika və molekulyar fizika" kafedrasının sabiq doktorantı, Nəcəfova Gülyaz Zülfü qızının 2206.01 Molekulyar fizika üzrə fəlsəfə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Amiloid beta-peptid (25-35) molekulunun, onun analoqlarının fəza quruluşları və quruluş-funksiya əlaqələri" mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İclasın sədri Optika və molekulyar fizika kafedrasının müdiri professor Rəna Qasımova iclası açıq elan edərək iddiaçı və dissertasiya işi haqqında qısa məlumat verdi. Gülyaz Nəcəfova dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər, f.e.d. Larisa İsmayılovanın və akademik Təyyar Cəfərovun dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəyləri, irad və təklifləri səsləndirildi. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Gülyaz Nəcəfovanın fizika üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Nəcəfova Gülyaz Zülfü qızının təqdim etdiyi "Amiloid beta-peptid (25-35) molekulunun, onun analoqlarının fəza quruluşları və quruluş-funksiya əlaqələri" mövzusunda dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə elmləri doktoru dissertasiyalarına qoyduğu tələblərə tam cavab verir və onun müəllifi 2206.01 – "Molekulyar fizika" ixtisası üzrə fizika üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini BDU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasına təqdim etmək olar.