Dissertasiya işinin ilkin müzakirəsi keçirilib
22 may 2025-ci il tarixində BDU-nun Fizika fakültəsinin Optika və molekulyar fizika, Bərk cisimlər fizikası kafedralarının və “Fizika problemləri” Elmi Tədqiqat İnstitutunun birgə elmi seminarında "Optika və molekulyar fizika " kafedrasının sabiq doktorantı, Azərbaycan Tibb Universitetinin "Tibbi və bioloji fizika kafedrasının" dosenti Kərimli Nəzakət Vahid qızının 2209.01 “Optika” ixtisası üzrə fizika elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Phase effects in multiwave nonlinear optical interaction” (Çoxdalğalı qeyri-xətti optik qarşılıqlı təsir zamanı faza effektləri) mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İclasın sədri BDU-nun “Fizika problemləri” Elmi Tədqiqat İnstitutunun “Kondensə olunmuş hal fizikası” şöbəsinin müdiri professor Fərhad Rüstəmov iclası açıq elan edərək iddiaçı və dissertasiya işi haqqında qısa məlumat verdi. Nəzakət Kərimli dissertasiya işinin məqsədi, aktuallığı, müdafiəyə çıxarılan müddəaları, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçi, f.e.d. Tariyel İsmayılov dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdi. Digər rəyçi f.e.d. Namiq Niftiyevin səhhətində ciddi problem olduğundan seminara təqdim etdiyi rəy səsləndirildi. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Nəzakət Kərimlinin fizika elmlər doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Kərimli Nəzakət Vahid qızının təqdim etdiyi “Phase effects in multiwave nonlinear optical interaction” (Çoxdalğalı qeyri-xətti optik qarşılıqlı təsir zamanı faza effektləri) mövzusunda dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmlər doktoru dissertasiyalarına qoyduğu tələblərə tam cavab verir və onun müəllifi 2209.01 – "Optika" ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almağa layiqdir.